Kristiano Ronaldo: “Yəqin ki, bu, futbolda son ilimdir”

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo karyerasını başa vurmağa hazırlaşdığını açıqlayıb.

Arena.az xəbər verir ki, 41 yaşlı futbolçu “Vogue” jurnalına müsahibəsində bildirib ki, hazırkı mövsüm onun peşəkar futbolçu kimi sonuncu ili ola bilər:

“Yəqin ki, bu, futbolda son ilimdir. Böyük miras qoymaq istəyirəm”, – deyə Ronaldo bildirib.

Beşqat “Qızıl top” sahibi olan Ronaldo futbol tarixinin ən məhsuldar futbolçusudur. O, karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, Portuqaliya ilə Avropa çempionluğu və iki dəfə UEFA Millətlər Liqası çempionluğu yaşayıb.

Kristiano Ronaldo milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində ən çox qol vuran futbolçu rekordlarını da özündə saxlayır.

Portuqaliyalı ulduz 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. Karyerası ərzində o, həmçinin “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”un formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: