Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Türkiyənin “Vanspor” komandasında ilk rəsmi matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda 2026/2027-ci illər mövsümünün 2-ci turu çərçivəsində səfərdə “Manisa” ilə qarşılaşıb.
Kökçü 1:4 hesabıyla uduzduqları bu görüşə start heyətdə başlayıb. Komandasının yeganə qolunu da 69-cu dəqiqədə Ozan vurub. Onun 58-ci dəqiqədə vurduğu digər qol isə VAR-ın qərarından sonra ləğv edilib. 82-ci dəqiqədə isə Ozan rəqib futbolçunun sifətinə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
2 turdan sonra xalsız olan “Vanspor” 20 iştirakçı arasında sonuncudur.
Xatırladaq ki, Özan Can Kökçü “Vanspor”a bu yay Niderlandın “Volendam” klubundan keçib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


