İspan mütəxəssis Xavi Ernandes “Barselona”nın sükanı arxasında son oyunundan sonra “blauqrana”nın heyətində işinə dair yekunları vurub.
Arena.az xatırladır ki, İspaniya La Liqasının 38-ci turu çərçivəsində “Sevilya”ya qarşı səfər oyunu Xavinin “Barselona”nın sükanı arxasında son oyunu kimi əlamətdar olub və “blauqrana” bu oyunda 2:1 hesablı qələbə qazanaraq, La Liqanı gümüş mükafatçı kimi başa vurub.
“Bir gün yenidən “Barselona”nı çalışdırmaq istərdim”
“Bir gün yenidən həyatımın klubuna rəhbərlik etmək şərəf olardı. Oyunçulara göstərdikləri fədakarlığa görə təşəkkür etmək istəyirəm. Onlar ox yaxşı məşq etdilər və mən də bu hisslə ayrılıram. Dörd-beş oyunda yaxşı çıxış etmədiyimiz üçün bu mövsüm qənimət qazana bilmədik. Bəxtimiz gətirmədi və rəqabət apara bilmədik. Mövsümün böyük hissəsində isə yaxşı çıxış etdik. Geriyə baxanda görürük ki, əziyyət çəkmişik, amma həm də zövq almışıq. Bu, duyğuların əsl eniş-yoxuşu idi. İşimlə fəxr edirəm və davam etmək istəyirdim”, – “Barça Universal” dərgisi Xavidən sitat gətirir.
“İstefama səbəb göstərmək məcburiyyətində deyiləm”
Xavi klub rəhbərliyinin onu istefaya göndərməsinə münasibət bildirib və həmçinin öz gedişinin səbəblərini açıqlamaqdan imtina edib:
“Biz bunun son olmadığını düşünürdük. Bu, ziddiyyətli hissdir, qəimətlər qazana bilmədik, amma düzgün yolda idik. Futbolda belə şeylər var. Rəhbərlik qərarlar qəbul edir. Etdiyimiz işdən razıyıq: bunlar çətin vəziyyətdə qazanılmış iki qənimətdir. Futbolçuların cavabı gözəl idi.
Gedişimin səbəbləri? Səbəb göstərmək zorunda deyiləm. Bunu qəbul etməkdən başqa çarəm yoxdur, başqa heç nə. Qərar artıq verilib və biz irəliyə baxmalıyıq. Klub hamıdan üstündür”, – “Marca” nəşri Xavidən sitat gətirir.
“Barselona”da qalmaq isətiyrdim, bilmirəm, niyə anlamadılar”
Xavi “baluqrana”nı tərk etdikdən sonra yaşadığı duyğuları paylaşıb: “Barselona”dan qovulduqdan sonra özümü necə hiss etdim? Qətiyyən rahatlıq deyil… Çünki qalmaq istəyirdim, amma sevimli klubumda işləməyə davam edə bilməyəcəyimi dedilər. Deyəsən, elə, ilk gündən bütün dediklərim mətbuatda, rəhbərlikdə zəlzələ yaratdı. Səbəbini həqiqətən bilmirəm,” – məşhur italyan jurnalist-insayder Fabritsio Romano Xavidən sitat gətirir.
Yeni baş məşqçiyə ismarış: “Əziyyət çəkəcəksən, amma səbrli ol”
Xavi “Barselona”nın yeni baş məşqçisinə nə məsləhət görəcəyi ilə bağlı sualı da cavablayıb:
“Yeni məşqçiyə nə məsləhət verərdim? Mən ona deyərdim ki, o, çox çətin vəziyyətlə üzləşib. Bu klubda səni xilas edə biləcək yeganə şey qələbədir. Xarici olsanız da, olmasanız da, bu aşkar amildir. Yeni baş məşqçiyə deyərdim ki, əziyyət çəkəcəksən. Bu, çətin işdir, sən isə səbrli olmalısan”, – “Barça Universal” dərgisi Xavidən sitat gətirir.
“İşimizi kifayət qədər qiymətləndirmədilər”
Həmçinin Xavi “blauqrana”nın sükanı arxasında özü başda olmaqla, məşqçilər qərargahının işinin “Barselona” rəhbərliyi tərəfindən kifayət qədər qiymətləndirilmədiyi qənaətindədir:
“Mənə elə gəlir ki, biz bu işi zəlzələ zamanı ərsəyə gətirdik. Bizdə heç vaxt sakitlik olmayıb. Mən sabitlik istədim, amma yox idi. Düşünürəm ki, bizim işimiz kifayət qədər qiymətləndirilməyib. Komanda 9-cu pillədə olanda vəzifəmi tutdum və mövsümü ikinci yerdə başa vurdum, ötən mövsüm isə çempion olduq”, – “Barça Universal” dərgisi Xavidən sitat gətirir.
Xavinin “Barselona” mənzərəsi
Xavi Ernandes “Barselona”nın sükanı arxasına 2021-ci ilin noyabrında keçib. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
“Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.
“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 143 oyun keçirib. “Barsa” bu oyunlarda 91 qələbə qazanıb, 23 heç-heçə edib və 29 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 280:158 nisbətindədir.
2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.
Xavinin “Barselona”sı İspaniya La Liqasının 2023/2024-cü illər mövsümünü 85 xalla yarış cədvəlinin 2-ci pilləsində başa vuraraq, gümüş mükafatı qazanıb və növbəti mövsümdə Çempionlar Liqasında iştirakını təmin edib.
İctimai rəy: “Barselona” Xavi ilə hörmətsiz davrandı”
İspaniya mətbuatı Xaviyə dair bir məqamı xatırladaq, “Barselona” rəhbərliyinin ispan mütəxəssislə hörmətsiz davranışına diqqət çəkib. Belə ki, Xavi hələ mövsümün ikinci yarısında cari mövsümün bitməsilə “blauqrana”dan ayrılacağını bildirmişdi. Amma “Barselona” rəhbərliyi təşvişə düşərək bu daşı Xavinin ətəyindən tökdürdü və ispan mütəxəssis klubda qalmağa qərar verdi. Qısa müddət sonra isə Xavi məğz etibarı ilə dalından təpik yedi. Təhlilçilərin əksəri də elə, bu fikirdədirlər.
Vurğulanır ki, müvafiq məqam heç də “Barslona”nın xeyrinə olmayacaq, belə ki, Xavi “Barselona”da həqiqətən oyun fəlsəfəsi və dəst-xətt müəyyən etmişdi. Belə bir sistemi “Barselona”ya dərindən bələd olan mütəxəssis qura bilər. Yeni çalışdırıcının isə müvafiq perspektivə malik olacağı dumanlıdır.
Vurğulanır ki, bu, zaman məsələsidir, amma bu müddətdə “Barselona” öz maddi sıxıntısı mənzərəsində iddialarını gerçəkləşdirməkdə çətinliklərlə üzləşəcək. Yeri gəlmişkən, Xavi bu məqamı da vurğulayıb və şayiələrə görə, dilinin badına gedib.
Joan Laporta qərarını əsaslandırdı: “Hər şey klub üçün!”
“Barselona”nın prezidenti Joan Laporta isə Xavini istefaya göndərməsi haqda fikrini qısaca bildirib:
“Barselona”nın prezidenti olmaq çox çətindir. Bütün qərarlar, hər şey, hər şey, hər şey klubun xeyrinə verilir”, – “Sport.es” dərgisi Joan Laportadan sitat gətirir.
Daldan atılan daş topuğa dəyər, cənab Laporta! İspaniya mətbuatı “Barselona”nın prezidentinin mövqeyini əlavə sulallardan yayınmaq üçün diplomatik ölçülüb-biçilmiş cavab hesab edir.


