“Mançester Yunayted”in fransalı mərkəz hücumçusu Antoni Marsyal “qırmızı şeytanlar”ın düşərgəsindən ayrıldığını açıqlayıb.
Arena.az məlumat verir ki, fransalı futbolçu bu barədə özünün sosial şəbəkə hesabları üzərindən bəyan edib:
“Mançester Yunayted” mənim qəlbimdə əbədi qalacaq. Bu klub mənim karyeramda iz buraxdı və sizin qarşınızda oynamaq üçün mənə inanılmaz fürsət verdi. Mən yeni çağırışların öhdəsindən gəlmək üçün ayrılıram, amma mən həmişə “qırmızı şeytan” olacağam və klubun nəticələrini ehtirasla izləməyə davam edəcəyəm”, – Marsyal paylaşıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda, hələ, heç bir Avropa klubunun yayda mümkün müqavilə ilə bağlı Marsyalla əlaqə saxlamadığı barədə məlumat yayılmışdı.
Antoni Marsyal Lion “Olimpik”inin yetirməsidir. Fransalı hücumçu karyerası ərzində “Monako” və “Sevilya”da çıxış edib.
“Mançester Yunayted” Marsyalı 2015-ci ilin sentyabrında 60 milyon avro məbləğ müqabilində “Monako”dan heyətinə qatıb.
Cari mövsümdə Antoni Marsyal “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 19 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Fransalı hücumçunun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 317 oyun, 90 qol, 47 məhsuldar ötürmə.
Antoni Marsyal 2015-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 30 oyuna 2 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Hücumçu “xoruzlarla” UEFA Millətlər Liqasını qazanıb (2021).
Marsyal “Mançester Yunayted”lə İngiltərə Kubokunun, 2 dəfə İngiltərə Liqa Kubokunun, İngiltər Super Kubokunun və Avropa Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


