Hansi Flik “Barselona”nın yeni baş məşqçisi təyin edildi – Rəsmi

Alman mütəxəssis Hans-Diter “Hansi” Flik Kataloniya nəhəngi “Barselona”nın baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

“Blauqrana” alman mütəxəssislə müddəti 2026-cı ilə qədər qüvvədə olacaq müqavilə bağlayıb. Alman mütəxəssis tezliklə, cari mövsümün bitməsilə vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.

“Hans Fliki baş məşqçi təyin etməklə, “Barselona”, öz komandalarının yüksək təpkili, gərgin və kəskin oyun tərzi ilə tanınan, müqabilində ona klub və beynəlxalq səviyyədə böyük uğur qazandırmış bir adamı seçdi. O, demək olar ki, futbol dünyasında qazanıla biləcək hər şeyi qazanıb”, – “Barselona”nın bu təyinatla bağlı rəsmi bəyanatında deyilir.

Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.

Alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.

Hans-Diter Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.

Həmin mövsüm Flik 6 təqdimat üzrə ən yaxşı məşqçi adını qazanıb. Bura, UEFA-ya görə ilin məşqçisi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) görə ilin klub məşqçisi, “World Soccer”ə görə ilin çalışdırıcısı, “Globe Soccer Awards”a görə ilin ən yaxşı məşqçisi, Alman İdman Jurnalistləri Assosiasiyasına görə ilin alman futbol məşqçisi və Bundesliqada ilin məşqçisi təqdimatları üzrə qalibiyyətlər daxildir.

Hansi Flik Almaniya yığmasının baş məşqçinin köməkçisi olaraq DÇ-2014-ün qalibi olub, həmçinin AÇ-2008-də gümüş, AÇ-2012-də isə bürünc medal qazanıb.

2021-ci ildə bundestimin sükanı arxasına keçmiş Flik 2023-cü ilin sentyabrında “alman maşını”nın bərbad çalışması səbəbindən istefaya göndərilib. Alman mütəxəssis həmin vaxtdan işsiz idi.

Xatırladaq ki, daha əvvəl “Barselona” mövsümün sonunda ispan mütəxəssis Xavi ilə yollarını ayıracağını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: