“Olimpiakos” tarixi ilklərə imza atdı

Avropa Konfrans Liqasının 2023/2024 mövsümünün finalında “Fiorentina” üzərində qələbə (1:0) “Olimpiakos” üçün əlamətdar olub.

Arena.az xatırladır ki, bu, Yunanıstan klubunun tarixində avrokuboklarda ilk zəfərdir.

Sözügedən komanda avrokuboklarda qənimət əldə etmiş ilk yunan klubu olaraq adını tarixə yazıb. “Olimpiakos”a qədər heç bir Yunanıstan təmsilçisi avrokuboklarda qalibiyyət əldə edə bilməyib. Yalnız 1970/1971-ci illər mövsümündə “Panatinaikos” Avropa Çempionlar Kubokunun finalına yüksəlmiş və burada o illərin əfsanəvi “Aykas”ına 0:2 hesabı ilə məğlub olmuşdu.

Həmçinin Yunanıstan nəhəngi doğma vətənində keçirilmiş final oyununda son 22 ildə avrokubok qazana bilmiş komanda olub.

Xatırladaq ki, Konfrans Liqasının 2023/2024-cü illər mövsümün final oyunu mayın 29-da Yunanıstan paytaxtı Afinanın “Ayya-Sofiya” stadionunda (“OPAP Arena”) keçirilib. “Olimpiakos”a qədər sonuncu dəfə, vətənində keçirilmiş final oyununda qələbə qazanaraq avrokubok əldə edə bilmiş klub “Feyenoord” idi. 2002-ci ilin UEFA Kubokunun final oyununda Rotterdam təmsilçisi Dortmund “Borussiya”sını 3:2 hesabı ilə məğlub etmişdi.

“Olimpiakos” Yunanıstan Premyer Liqasının cari mövsümünü bürnc medalçı olaraq başa vurub, Yunanıstan Kubokunda isə mübarizəni 1/8 finalda əzəli rəqibi “Panatinaikos”a məğlub olaraq dayandırıb.

Ümumiyyətlə, “Olimpiakos” Yunanıstan futbolunun nəhəngidir. Pirey təmsilçisi 1925-ci ildə təsis edilib. Bu komanda 47 dəfə Yunanıstan çempionu olub, 28 dəfə Yunanıstan Kubokunu qazanıb, 4 dəfə isə Yunanıstan Super Kubokunu əldə edib və hər üç yarışda qalibiyyət sayına görə “Əfsanə” mütləq rekorda sahibdir.

Bu klubun Yunanıstan futbolunda əzəli rəqibləri Afina təmsilçiləri – “Panatinaikos” və AEK, həmçinin Selanik təmsilçisi PAOK-dur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: