Rodriqo Qoes: “Mançester Siti” dünyanın ən yaxşı komandasıdır”

“Real”ın braziliyalı vingeri Rodriqo Qoes İngiltərə çempionu “Mançester Siti”ni hazırda dünyanın ən yaxşı komandası hesab edir.

Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının cari mövsümünün 1/4 final mərhələsində mübarizədən kənarlaşdırdıqları “şəhərlilər”lə oyunları (ilk oyun: 3:3; cavab oyunu: 1:1, penaltilərlə 4:3) xatırlayıb.

Braziliyalı futbolçunun bu barədə fikirlərini təqdim edirik: “Mənim üçün onlar dünyanın ən yaxşı futbolunu oynayan ən yaxşı komandasıdır. Ona görə də düşünürəm ki, ən güclü rəqib mübarizədən kənarlaşdırıldığı üçün Çempionlar Liqasının finalındakı işimiz daha asan olacaq”, deyə Rodriqo bildirib.

Xatırladaq ki, “Real” bu mövsüm UEFA Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək. İyunun 1-də Londonun “Uembli” stadionunda baş tutacaq həlledici oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Rodriqo Braziliyanın “Santos” klubunun yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər arasında müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği isə 1 milyard avrodur.

Rodriqo “Real”da çıxış etdiyi müddətdə 215 oyuna çıxıb, 54 qol vurub, 41 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə “qaymaqlılar”la bütün yarışlarda 50 oyuna 17 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib.

Rodriqo “Real”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 22 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı vingerin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: