Robert Levandovski “Fənərbaxça”ya keçir? – Özü cavabladı

“Barselona”nın hücumçusu Robert Levandovski “Fənərbaxça”ya keçə biləcəyi ilə bağlı yayılan şayiələrə münasibətini açıqlayıb.

Arena.az polyak futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Fənərbaxça” mənimlə müqavilə bağlamaq istəyir? Mən bu barədə heç nə bilmirəm”, deyə Levandonski bildirib.

Xatırladaq ki, daha əvvəl, “Fənərbaxça”nın portuqal mütəxəssis Joze Mourinyonun komandaya yeni baş məşqçi təyin edilməsi ilə Levandovskini almaq seçimini nəzərdən keçirdiyi haqda məlumat yayılmışdı.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması inkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb. O, bu oyunlarda 26 qol vurub, 9 məhsuldar ötürmə verib. Levandovskinin “blauqrana”nın heyətində çıxışı rəqəmlərin gözü ilə belə təsvir yaradır: 95 oyun, 59 qol, 17 məhsuldar ötürmə.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 148 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: