İtaliyalı futbol mütəxəssisi Raffaele Palladino A Seriyasında mübarizə aparan “Fiorentina” komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, 2026-cı ilin 30 iyununa kimi bu komandaya rəhbərlik etməlidir.
Palladino “Fiorentina”nın baş məşqçi postunda bir neçə gün öncə postundan ayrıldığını açıqlamış Vinçentso İtalyanonu əvəz edib. Hansı ki, 46 yaşlı mütəxəssis 2021-ci ilin iyul ayından bu komandaya rəhbərlik edirdi. Florensiyalılar İtalyanonun rəhbərliyi altında 162 oyun keçiriblər. Komanda bu görüşlərdə 79 qələbə, 34 heç-heçə və 49 məğlubiyyət görüblər.
Raffaele Palladino məşqçiliyə 2021-ci ildə “Montsa”nın U-19 komandasında başlayıb. 2022-ci ilin sentyabr ayından isə o, bu klubun əsas komandasına rəhbərlik edirdi. Palladino “Montsa”nı 73 oyuna çıxarıb. A Seriyası təmsilçisi bu görüşlərdə 26 qələbə qazanıb, 21 heç-heçə edib, 26 məğlubiyyət görüb.
Xatırladaq ki, “Fiorentina” İtaliya A Seriyasında geridə qalmış 2023/2024 mövsümünü 60 xalla 8-ci pillədə başa vurub. “Montsa” isə 45 xalla 12-ci olub.
Yeri gəlmişkən, “Fiorentina” argentinalı mərkəz müdafiəçisi Lukas Martines Kuarta ilə də yeni müqavilə bağlayıb. 28 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2028-ci ilin 30 iyununa kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək.
Lukas Martines Kuarta “Fiorentina”ya 2020-ci ilin oktyabr ayında Argentinanın “River Pleyt” klubundan 13 milyon avro qarşılığında gəlib. O, Florensiya klubunun heyətində indiyə qədər 126 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Kuarta 2019-cu ilin sentyabr ayında debüt etdiyi Argentina milli komandasında 12 oyun keçirib.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.


