Yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edən “Araz-Naxçıvan” yarımmüdafiəçisi Miço Kuzmanoviç ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Bosniya və Herseqovinadan olan 28 yaşlı futbolçu qarşıdakı 1 ildə də bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, Miço Kuzmanoviç 2023-cü ilin iyul ayından “Araz-Naxçıvan”da çıxış edir. Sol vinger mövqeyində çıxış edən futbolçu ötən mövsüm Naxçıvan təmsilçisinin heyətində 39 oyun keçirib. O, bu oyunlarda 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Bosniya və herseqovinalı futbolçu karyerası ərzində vətənində “Modriça Maxima”, “Zviyezda”, “Banya Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib. O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Muskron”, Sloveniyanın “Rudar” (Velenye) və “Çelye” klublarının heyətində çıxış edib. “Araz-Naxçıvan”dan öncə “Tuzla Siti”də də oynamış futbolçu bu komandada 37 oyuna 10 qol vurub, 6 məhsuldar ötürmə verib.
Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli ilə də yeni müqavilə bağlamışdı. Naxçıvan klubu Tərlan Əhmədli, Ürfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu da heyətinə cəlb edib.


