Premyer Liqanın 3 klubu “Mançester Siti”nin tərəfinə keçdi

“Çelsi”, “Nyukasl” və “Aston Villa” İngiltərə Premyer Liqasına (EPL) qarşı “Mançester Siti”nin iddiasını tanıyaraq, qəbul ediblər.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Çelsi” liqanın əlaqəli tərəflərlə əməliyyatlar üzrə qaydalarına da etiraz etdiyi bəyanat təqdim edib. Öz növbəsində, “Aston Villa” və “Nyukasl” “Mançester Siti”nin liqaya qarşı ittihamlarını rədd etməkdən imtina ediblər və onları haqlı hesab ediblər.

“Arsenal”, “Tottenham” və “Mançester Yunayted” də daxil olmaqla 12-yə qədər Premyer Liqa klubu isə Premyer Liqanın tərəfində dayanıblar. Onlar ya şahid ifadələri, ya da İngiltərə Premyer Liqasını dəstəkləyən sübutları təfərrüatlı şəkildə əks etdirən məktublar təqdim ediblər.

Xatırladaq ki, “şəhərlilər”in 165 səhifəlik iddia ərizəsində klub Premyer Liqanın maliyyə qaydalarını “çoxluğun tiranlığı” kimi qələmə verir. Mançester klubu itkilərin ödənilməsini və əlaqəli tərəflərlə əməliyyatların qanunsuz olduğunu bildirərək, qaydaların ləğvini tələb edir. Bu iş üzrə dinləmələrin iyunun 10-da başlanması nəzərdə tutulub.

Eyni zamanda, “Mançester Siti”nin özü hələ də liqanın nizamnaməsinin və maliyyə qaydalarının 115 pozuntusunda ittiham edilir. Bu iş üzrə ayrıca dinləmənin bu ilin noyabrına təyin edildiyi və 6 həftə davam edəcəyi gözlənilir.

Vurğulanır ki, dinləmənin nəticələri Mançester təmsilçisinin sahibləri üçün böyük cərimələrə və bəlkə də klubun aşağı dəstəyə göndərilməsinə səbəb ola bilər.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsmünü “Mançester Siti” 91 xallar zirvədə bitirib. Sözügedən klub yarışın tarixində ilk dəfə ardıcıl 4-cü dəfə qalibiyyət əldə edərək, mütləq rekorda imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: