Romelu Lukaku Belçika yığmasında qol rekordunu yenilədi

Brüsseldə Lüksemburq yığmasına qarşı keçirilmiş oyun (3:0) Belçika yığmasının mərkəz hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Lukaku bu oyunda dübarə fərqlənməklə, komandasının qələbəsinə töhfəsini verib.

Bununla da Lukaku Belçika yığmasının heyətində keçirdiyi 115-ci oyunda vurduğu qolların sayını 85-ə çatdırıb. Beləliklə, belçikalı hücumçu, özününü milli komandasının heyətində ən sərrast futbolçuların tarixi siyahısında Macarıstan yığmasının əfsanəvi hücumçusu Ferents Puşkaşın rekordunu (84 qol) geridə qoyaraq, 6-cı pilləyə yüksəlib. Hazırda Romelu Lukaku bu yeri Birləşmiş Ərəm Əmirlikləri (BƏƏ) yığmasının hücumçusu Əli Mabxutla bölüşür. Vurğulayaq ki, Lukakunu hesabında milli komandanın heyətində verdiyi 17 məhsuldar ötürmə də var.

Romelu Lukaku “Lyers”də futbola qədəm qoyub, karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.

Lukakunun trasnfer hüquqları “Çelsi”yə məxsusdur. “Zadəganlar” belçikalı hücumçunu ilk dəfə 2011-ci ilin avqustunda 15 milyon avro məbləğ müqabilində “Anderlext”dən satın alıblar və o vaxtdan Lukaku futbol ömrünü ələlxüsus icarələrdə keçirir. Bir neçə alqı-satqıdan sonra Lukaku yenidən “Çelsi” tərəfindən satın alınıb və hazırda London klubu hər vəchlə belçikalı hücumçunu satıb canını qurtarmaq istəyir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lukaku “Roma”da icarə əsasında top qovub. “Canavarlar”ın heyəitndə keçirdiyi bütün yarışlarda Lukaku 47 oyuna 21 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı mərkəz hücumçu Romelu Lukakunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: