Polşanın “Rakuv” klubunun yunan yarımmüdafiəçisi Yannis Papanikolau bundan sonra “Rizəspor”un formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
25 yaşlı futbolçu ilə 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Rizə klubunun bu transfer üçün 2 milyon avro ödədiyi bildirilir.
Yannis Papanikolau Yunanıstanın “Platanias” klubunun yetirməsidir. Ölkəsində “Panionios”un da formasını geyinmiş yarımmüdafiəçi 2020-ci ildən “Rakuv”un uğurları üçün çalışırdı. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Papanikolau, Polşa klubunun heyətində 118 oyun keçirib, 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub.
Yunanıstanın U-21 yığmasında da oynamış futbolçu 2022-ci ilin iyununda əsas millidə debüt edib. Papanikolau Yunanıstan millisində 4 oyun keçirib.
Yeri gəlmişkən, “Rizəspor” baş məşqçisi İlhan Palutla da bağlı qərarını açıqlayıb. Rizə təmsilçisi indiki baş məşqçisi ilə yola davam etmək qərarına gəlib. Bir sözlə, 47 yaşlı mütəxəssis 2024/2025 mövsümünün sonuna kimi bu klubun uğurları üçün çalışmağa davam edəcək.
İlhan Palut 2023-cü ilin iyun ayından Rizə təmsilçisinə rəhbərlik edir. O, bu komandanı 40 oyuna çıxarıb. Super Liqa təmsilçisi bu görüşlərdə 15 qələbə qazanıb, 8 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Rizəspor” Türkiyə Super Liqasında geridə qalmış 2023/2024 mövsümünü 50 xalla 20 iştirakçı arasında 9-cu yeri tutub. Sözügedən komanda 38 oyunda 14 qələbə qazanıb, 8 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb.


