Nedim Bayrami – Avropa çempionatlarında ən erkən qolun müəllifi

AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda İtaliya yığması ilə oyun Albaniya yığmasının yarımmüdafiəçisi Nedim Bayrami üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Bayrami oyunun 23-cü saniyəsində topu “skuadra adzurra”nın qapısından keçirib.

Beləliklə, Bayrami Avropa çempionatlarının final mərhələlərində ən erkən qolun müəllifi olaraq adını qızıl hərflərlə futbol tarixinə yazıb. Yarımmüdafiəçi AÇ-2004-də 65-ci saniyədə fərqlənən rusiyalı Dmitri Kiriçenkonun rekordunu yeniləyib.

Albaniya yığması bu oyunda erkən qola sevinsə, yekunda məğlubiyyətə üzülüb. İtaliya yığması 2:1 hesablı əzmkar qələbəyə sevinib. 11-ci dəqiqədə Alessandro Bastoni Lorentso Pelleqrininin ötürməsini başla albanların qapısından keçirib – 1:1. 16-cı dəqiqədə isə Nikolo Barella “skudra adzurra”nı hesabda önə çıxarıb – 2:1.

Maraq üçün qeyd edək ki, Nedim Bayrami hazırda karyerasını elə İtaliyada davam etdirir. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi A Seriyasında mübarizə aparan “Sassuolo”nun şərəfini qoruyur. O, 2023-cü ilin yayında 4 illik müqavilə bağladığı bu komandanın heyətində 49 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Alban futbolçu daha öncə İtaliyada “Empoli”nin də formasını geyinib, İsveçrədə isə “Qrasshopper” və “Sürix”in şərəfini qoruyub.

Nedim vaxtilə İsveçrənin U-15, U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında oynayıb. 2021-ci ilin sentyabr ayında isə o, Albaniya yığmasında debüt edib. Yarımmüdafiəçi bu komandanın heyətində 24 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.