Futbol üzrə Kolumbiya yığma komandasının qapıçısı David Ospina Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”dən ayrılıb.
Arena.az xəbər verir ki, 35 yaşlı qolkiper bundan sonra vətənində çıxış edəcək.
Ospina Kolumbiyanın “Atletiko Nasyonal” klubu ilə anlaşıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. “Əl-Nəsr”dən azad agent kimi ayrılmış qapıçı yeni köhnə-yeni klubunu xərcə salmayıb.
David Ospina məhz “Atletiko Nasyonal” klubunun yetirməsidir. Təcrübəli qolkiper vaxtilə bu klubun əsas komandasınd 100-ə yaxın oyun keçirib.
Ospina “Əl-Nəsr”ə 2022-ci ilin yayında İtaliyanın “Napoli” klubundan keçmişdi. O, Kristiano Ronaldonun da formasını geyindiyi Səudiyyə Ərəbistanı komandasında 29 oyuna çıxıb, 21 qol buraxıb, 14 “quru” matç keçirib.
David Ospina “Napoli” və “Əl-Nəsr”dən öncə Fransanın “Nitsa”, İngiltərənin “Arsenal” klublarının da formasını geyinib.
Ospina Kolumbiya milli komandasında da 129 oyun keçirib, 101 qol buraxıb, 64 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 35 yaşlı qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


