Luis de la Fuente: “Biz yalnız qələbəyə diqqət yetiririk”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Albaniya yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Ortada çox şey olacaq – nüfuz, şöhrət, biz isə təkmilləşməyə davam etmək istəyirik. Biz bu oyuna bütün digərlərinə necə yanaşırıqsa, elə yanaşırıq, sanki sonuncu oyunumuzdur. Əlbəttə, bu oyuna uyğun olduğunu düşündüyümüz oyunçularla bağlı fəaliyyət planımız var. Biz yalnız qələbəyə diqqət yetiririk, çünki hər oyunda qalib gəlmək istəyirik.

Albaniya yığmasının fantastik azarkeşləri var, onlar artıq burada gözlənilməzliklər ediblər. Bilirik ki, çox çətin olacaq. Doğru hesab etdiyimiz dəyişiklikləri edəcəyik. 26 oyunçumuza tam güvənirik və bu, səhv edə bilməməyimdən irəli gəlmir. Amma futbolçularımızın hər biri burada yüksək səviyyədə oynamağa qadirdirlər, ona görə də mən çox sakitəm”, deyə Luis de la Fuente vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin sonuncu, 3-cü turu çərçivəsində keçiriləcək “B” qrupunun Albaniya – İspaniya oyunu bu gün, iyunun 24-də Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

3-cü tur ərəfəsində “B” qrupunun mənzərəsi belədir:

  1. İspaniya – 6 xal
  2. İtaliya – 3 xal
  3. Albaniya – 1 xal
  4. Xorvatiya – 1 xal

Vurğulayaq ki, İspaniya yığması yarışın 1/8 final mərhələsinə vəsiqəsini artıq təmin edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: