Almaniya yığmasının baş məşqçisi, alman mütəxəssis Yulian Nagelsmanın köməkçisi Sandro Vaqner AÇ-2024-də hakimlərə hücum edib.
Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.
Hadisə AÇ-2024-ün 1/4 finalında İspaniya – Almaniya oyunundan (2:1, əsas vaxt 1:1) baş verib.
Qəzəblənmiş Vaqner hakimlərin paltardəyişmə otağına soxulub, burada oyunun ingilis baş hakimi Entoni Teyloru haqlayıb, yaxşıca “bəzəyib”: ağzına gələni deyib, dişinin dibindən çıxanı yapışdırıb, keçəlin söyüb – ürəyini boşaldıb, acığını çıxıb.
Vurğulanır ki, Sandro Vaqner bütün bu “bəzək işi”ni uca səslə həyata keçirib. Daha sonra isə kefi-kök və damağı çağ surətdə otaqdan çıxıb.
Məsələnin kökündə isə Vaqnerə görə, Teylorun yarıtmaz hakimliyi dayanır. Belə ki, Teylor oyunun əlavə vaxtında, 106-cı dəqiqədə bunsetimin yarımmüdafiəçsisi Camal Musialanın zərbəsindən sonra, topun birbaşa qapıya uçuşu zamanı ispan müdafiəçi Mark Kukurelyanın əlinə dəyməsi müqabilində penalti təyin etməyib. Bu məqam Vaqneri çox hiddətləndirib.
Xatırladaq ki, AÇ-2024-ün ev sahibi Almaniya yığmasını məğlub edərək yarışın yarımfinalına yüksəlmiş İspaniya yığması bu mərhələdə Fransa yığması ilə qarşılaşacaq.


