Ötən mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç bundan sonra “Sumqayıt”da çıxış edəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib. “Gənclik şəhəri” təmsilçisi sol cinah müdafiəçisi Slavişa Radoviçlə müqavilə imzalayıb.
Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı futbolçu ilə 1+1 illik anlaşma əldə olunub. Radoviç yeni komandasında 3 nömrəli formada çıxış edəcək.
Slavişa Radoviç 2023-cü ilin yanvar ayından formasını geyindiyi “Sarayevo”dan bu yay azad agent kimi ayrılıb. O, bu komandanın heyətində 38 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Serbiya vətəndaşlığı da olan bosniya və herseqovinalı oyunçu karyerası ərzində “Radnik”, “Velej”, “Drina”, “Liepaya”, “Olimpik” (Sarayevo), “Voyvodina” və “Vozdovaç” kimi klublarda da forma geyinib.
Xatırladaq ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov (“Zirə”) və Fernando Medeyrosu (“Eqnatiya”, Albaniya) da heyətinə qatmışdı. Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka və Masaki Murata isə bu komandanı tərk ediblər.


