Samir Abasov: “Üzərində işləməli olduğumuz məqamlar var”

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Türkiyənin “Gənclərbirliyi” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xatırladır ki, yeni mövsümə Ankaranın Qızılcahamam bölgəsində hazırlaşan “Sumqayıt” bu gün Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Abasovun rəhbərlik etdiyi komanda Türkiyənin Birinci Liqasında mübarizə aparan “Gənclərbirliyi” ilə qarşılaşıb. Oyun Azərbaycan təmsilçisinin qələbəsiylə yekunlaşıb – 1:0. Yeganə qolun müəllifi Cordan Rezabala olub.

Samir Abasov matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq. Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı fiziki hazırlıq da davam edir. Bu yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik. Ötən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar. Amma üzərində işləməli olduğumuz məqamlar var və bunları bilirik. Bu yöndə məşqlərə davam edəcəyik”.

Xatırladaq ki, sumqayıtlılar Ankaradakı ilk yoxlama matçını iyulun 7-də Rusiyanın “Orenburq” komandasına qarşı keçirmiş və 1:2 hesabıyla məğlub olmuşdular. Komanda iyulun 16-da Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor”la da qarşılaşacaq.

“Sumqayıt” yeni mövsümdə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Bu komanda sözügedən turnirin 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: