Mehdi Taremi rəsmən “İnter”də

Futbol üzrə İran yığmasının və Portuqaliyanın “Portu” klubunun hücumçusu Mehdi Taremi bundan sonra “İnter”in şərəfini qoruyacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Azad agent statusuna malik 31 yaşlı iranlı forvardla 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Bununla da “İnter” tarixində ilk dəfə iranlı futbolçu transfer edib.

Mehdi Taremi “İrancavan” klubunun yetirməsidir. O, ölkəsində “Şahin Buşəhr”, “Persepolis” kimi klubların da formasını geyinib. 2018-ci ilin yanvarında “Persepolis” Mehdini Qətərin “Əl-Qarafa” klubuna 492 min avroya satıb. Bir il sonra Qətər klubundan ayrılan Taremi Portuqaliya təmsilçisi “Rio Ave”yə keçib. “Portu” iranlı hücumçunu 2020-ci ilin avqustunda 4,73 milyon avro qarşılığında məhz “Rio Ave”dən transfer etmişdi. O, bu klubun heyətində 182 oyun keçirib, 91 qol və 56 məhsuldar ötürmə müəllifi olub.

İranın U-20 və U-23 yığmalarında da oynamış Taremi, 2015-ci ilin iyun ayında debüt etdiyi əsas yığmada indiyə qədər 86 oyuna çıxıb, 49 qol vurub, 20 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Mehdi “Persepolis”lə iki dəfə İran çempionu olub, bir dəfə İran Kubokunu qazanıb. Taremi “Portu” ilə də bir dəfə Portuqaliya çempionu, üç dəfə Portuqaliya Kubokunun, bir dəfə Portuqaliya Liqa Kubokunun, iki dəfə Portuqaliya Super Kubokunun qalibi olub.

“İnter” sağ cinah müdafiəçisi Mattia Zanottini də İsveçrənin “Luqano” klubuna satıb. Milan təmsilçisi bu satışdan 2 milyon avro qazanıb. 21 yaşlı italiyalı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

“İnter”in öz yetirməsi olan Zanotti ötən mövsümü İsçeçrənin digər klubu “Sankt Qallen”də icarədə keçirmişdi. O, Milan təmsilçisinin əsas komandasında cəmi 3 oyuna çıxıb. Mattia İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: