Futbol üzrə Yaponiya millisinin və Niderlandın “Alkmar” klubunun sağ cinah müdafiəçisi Yukinari Suqavara “Sauthempton”a keçib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi bu transfer üçün 7 milyon avrosundan keçib. 24 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Yukinari Suqavara peşəkar karyerasına “Naqoya Qrampus” klubunda başlayıb. Müdafiəçi 2019-cu ildə “Alkmar” tərəfindən transfer edilib. Yapon futbolçu əvvəlcə bu klubun gənclərdən ibarət komandasında oynadıqdan sonra əsas komandaya cəlb olunub. Suqavara 2020-ci ildən bəri bu komandanın heyətində 198 oyuna çıxıb, 14 qol və 29 məhsuldar ötürmə müəllifi olub.
Suqavara Yaponiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2020-ci ildə əsas milliyə cəlb olunub. O, Yaponiya yığmasında 13 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Sauthempton” mərkəz müdafiəçisi Lyanko Voynoviçi də Braziliyanın “Atletiko Mineyro” klubuna satıb. İngiltərə klubu bu satışdan 4,5 milyon avro qazanıb. Serbiya vətəndaşlığı da olan braziliyalı futbolçu yeni klubu ilə müddəti 2028-ci ilin 31 dekabrına qədər olan müqaviləyə imza atıb.
Lyanko Voynoviç “Botafoqo” və “San Paulo” klublarının yetirməsidir. O, İtaliyada “Torino” və “Bolonya”nın da formasını geyinib. “Sauthempton” Lyankonu 2021-ci ilin avqust ayında “Torino”dan 7,5 milyon avro qarşılığında heyətinə qatmışdı. Müdafiəçi İngiltərə klubunun heyətində 49 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. “Sauthempton” Lyankonu ötən mövsüm Qətərin “Əl-Qarafa” klubuna icarəyə verib.
Voynoviç Serbiyanın U-19, Braziliyanın U-20 və U-23 yığmalarında da oynayıb.


