İtalyan mütəxəssis Fabio Kapello Avropa çempionatında (AÇ-2024) onu ən çox təsirləndirmiş oyunçu haqda söhbət açıb.
Arena.az italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Niko Uilyams – çox bəyəndiyim oyunçudur. O, İtaliya yığmasına qarşı məni heyran etdi və bütün yarış boyu özünü sübut etdi. Onda hər şey var: sürət, texnika, özünü fəda edir və hərəkət etməyi də bacarır”, deyə Kapello vurğulayıb.
Xatırladaq ki, Niko Uilyams “Atletik” futbol akademiyasının yetirməsidir. O, 2021-ci ilin iyulundan bu klubun əsas komandasında çıxış edir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Uilyams Bilbao klubunun heyətində 38 oyuna çıxıb, 8 qol vurub, 17 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Sol cinah vingerinin “Atletik”dəki karyerası bütövlükdə 122 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Nikolas Uilyams 2022-ci ilin sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 20 oyun keçirib. O, bu oyunlarda 4 qol vurub, 6 məhsuldar ötürmə verib. Sol vinger İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
Niko Uilyamsın titulları sırasında 2023/2024 mövsümündə “Atletik”lə qazandığı İspaniya Kuboku da var.
“Transfermarkt” internet portalı 21 yaşlı Niko Uilyamsı 60 milyon avro məbləğində qiymətləndirir.


