“Bordo” müflis olmaq təhlükəsi ilə üz-üzədir

Fransanın ən adlı-sanlı klublarından olan “Bordo” müflis elan edilməyə və ardınca buraxılmağa çox yaxındır.

Arena.az bu barədə “Footmercato” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, klubun sahibi Jerar Lopes klubu “Fenway Sport Group” maliyyə qrupuna sata bilməyib. Daha əvvəl amerikan şirkətinin bu klubu almaq fikrindən daşındığı haqda məlumat yayılmışdı.

İndi “Bordo”nun rəhbəri ya klubun 40 milyon avro məbləğində nəhəng borcunu ödəməli, ya da klubu müflis elan etmək üçün ərizə verməlidir ki, bu da 1881-ci ildə təsis edilmiş, Fransanın ən adlı-sanlı klublarından birinin öz mövcudluğunu başa vurması deməkdir.

2022/2023-cü illər mövsümündən “Bordo” Fransanın Liqa 2 liqasında çıxış edir. Ötən mövsümü “jirondistlər” 50 xalla Liqa 2-nin 12-ci pilləsində başa vursalar da, inzibati cərimə olaraq daha aşağı dəstəyə – Nasyonal liqasına göndəriliblər.

Sözügedən klub 2020-ci ildən bəri düşdü ağır maliyyə böhranından heç cür qurtula bilmir. Vaxtilə Fransanın avrokuboklarda mütəmadi iştirak edən ən iddialı klublarından biri olan “Bordo” indi can üstədir.

“Bordo”nun qənimətlər muzeyində 6 Fransa çepionluğu, 1 Liqa 2 çempionluğu, 4 Fransa Kuboku, 3 Fransa Liqa Kuboku, 3 Fransa Super Kuboku, 2 Alp Kuboku, Latın Kuboku və UEFA İntertoto Kuboku (1995) var. 1996-cı ildə isə “jirondistlər” UEFA Kubokunun finalçısı olublar.

Fransa mətbuatı isə “Bordo”nun xilasını kluba sərmayə yatırmağa qadir yeni sahibin gəlişində görür. Əks halda klubun Fransa futbolunda öz mövqeyini itirəcəyi vurğulanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: