“Barselona”nın yeni baş məşqçisi Hansi Flik İspaniya nəhənginin sükanı arxasına təyinatı haqda söhbət açıb.
Arena.az “Barça Universal” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən bunu ilk gündən hiss etdim, buradakı insanların, azarkeşlərin, prezidentin sövqü… “Barsa”da çalışan hər kəsdə bu şövq var. Onların öz işlərinə sədaqəti var. Onlar güc-qüvvəsi daxilində hər şeyi verməyə hazırdırlar. Bu da bizim üçün çox vacibdir, çünki biz bu klubun bir hissəsi olmaq istəyirik, həmçinin biz bu şövq və fədakarlıqla yaşamaq istəyirik, çünki biz də bu klubu… bəlkə də növbəti səviyyəyə çatdırmaq üçün əlimizdən gələni etmək istəyirik. Mən bilmirəm. Amma əlimizdən gələni edəcəyik.
Məşqçisi olmağa qərar verəndə komandanı izləmişdim, çünki onlar fantastik futbol oynayırdılar. Siz oyunçuların necə böyüdüyünü və təkmilləşdiyini görə bilərsiniz. Hamı bundan danışır. Dediyim kimi, buradakı şövq inanılmazdır. Buna görə də burada olmaqdan xoşbəxtəm. Mən bunu ilk gündən hiss edirəm. Hər kəs hörmət göstərir, bizim yaşadıqlarımız isə inanılmazdır.
Mənim baxışım “Barsa”nın etdiyinə bənzəyir”, deyə Flik vurğulayıb.
Xatırladaq ki, “Barselona” bu yay Hans-Diter Fliklə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlayıb.
Sekstupl qazanmış iki mütəxəssisdən biri
Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.
Alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.
Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.
Həmin mövsüm Flik 6 təqdimat üzrə ən yaxşı məşqçi adını qazanıb. Bura, UEFA-ya görə ilin məşqçisi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) görə ilin klub məşqçisi, “World Soccer”ə görə ilin çalışdırıcısı, “Globe Soccer Awards”a görə ilin ən yaxşı məşqçisi, Alman İdman Jurnalistləri Assosiasiyasına görə ilin alman futbol məşqçisi və Bundesliqada ilin məşqçisi təqdimatları üzrə qalibiyyətlər daxildir.
Hansi Flik Almaniya yığmasının baş məşqçinin köməkçisi olaraq DÇ-2014-ün qalibi olub, həmçinin AÇ-2008-də gümüş, AÇ-2012-də isə bürünc medal qazanıb.
2021-ci ildə bundestimin sükanı arxasına keçmiş Flik 2023-cü ilin sentyabrında “alman maşını”nın bərbad çalışması səbəbindən istefaya göndərilib. Alman mütəxəssis həmin vaxtdan işsiz idi.


