Futbol üzrə İspaniya milli komandasının və Madrid “Real”ının sabiq hücumçusu Xose Kalyexon “Qranada” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonrakı karyerasını İspaniyanın 4-cü liqasında davam etdirəcək.
Belə ki, Kalyexon bu liqada yarışan “Marbelya”ya keçib. Tərəflər arasında 2025-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, Xose Kalyexon 2022-ci ilin iyul ayından “Qranada”nın uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 26 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Kalyexonun “Qranada” karyerası bütövlükdə 70 oyun, 5 qol və 11 assistdən ibarətdir.
“Real”ın yetirməsi olan Kalyexon vaxtilə Madrid təmsilçisinin heyətində 77 oyuna 20 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, “Napoli” (349 oyun, 82 qol, 79 assist), “Espanyol” (105 oyun, 12 qol, 14 assist) və “Fiorentina”da (55 oyun, 2 qol, 4 assist) da forma geyinib.
İspaniyanın U-21 yığmasında da oynamış Kalyexon, ölkəsinin əsas millisinin heyətində 5 oyun keçirib.


