Azərbaycanın ilk təmsilçisi – Yaylagül Ramazanova Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün mübarizəyə başlayıb.
Arena.az xəbər verir ki, kamandan oxatma növündə gücünü sınayan idmançımız sıralama turunda mübarizə aparıb.
Bu gün qadınların yarışında sıralama turu baş tutub. 64 oxatan hədəfi 72 dəfə nişan alıb. Yaylagül bu atışlarda 720 mümkün xaldan 647 xal toplayıb. O, 23 dəfə 10 xallıq atış edib ki, bunların 6-da ox hədəfin mərkəzinə düşüb. İdmançımız yekunda 39-cu yeri tutub. Millimizin üzvü mövsümdə ən yaxşı nəticəsinə imza atıb.
Turnir dünya və olimpiya rekordu ilə də yadda qalıb. Cənubi Koreya təmsilçisi Sihyeo Lim 694 xal toplayıb. Bu, yeni dünya və olimpiya rekordu olub. Lim həmyerlisi Çaeyanq Kanqın nəticəsini yeniləyib. O, 2019-cu ildə 692 xal toplamaqla rekord vurmuşdu.
Ümumiyyətlə, dünya rekordçusundan başqa, daha 9 idmançı karyerasının ən yaxşı nəticəsinə imza atıb. 8 oxatan isə mövsümdəki rekordunu yeniləyib.
Ramazanova 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.
1/32 final görüşləri iyulun 30-da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:24-də başlayacaq.
Yaylagül mərhələ adlasa, 1/16 finalda Mişel Kroppen (Almaniya) – Corciya Çezarini (San-Marino) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların kamandan oxatma yarışında mükafatçılar avqustun 3-də bəlli olacaq.
Qeyd edək ki, Yaylagül Ramazanova Olimpiadalar tarixinə ikinci Azərbaycan oxatanı kimi düşüb. Rio-2016-da Olqa Senyuk sıralama turunda 623 xalla 37-ci yeri tutmuşdu. O, 1/32 finalda çinli Çao Huiyə 1:7 hesabı ilə uduzmuşdu.
Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


