“Fənərbaxça” “Sevilya”nın hücumçusunu heyətinə qatdı

“Fənərbaxça” mərakeşli mərkəz hücumçusu Yussef Ən-Nəsirini “Sevilya”dan tamhüquqlu transfer əsasında öz heyətinə qatıb.

Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer İstanbul təmsilçisinə 19,5 milyon avro məbləğində başa gəlib. Mərakeşli futbolçu yeni klubu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Yussef Ən-Nəsiri “VI Məhəmməd Futbol Akademiyası”nın yetirməsidir. Mərakeşli futbolçu karyerası ərzində “Malaqa”, “Leqanes”də də oynayıb. “Sevilya” onu 2020-ci ilin yanvarında “Leqanes”dən 20 milyon avro müqabilində heyətinə qatmışdı.

Geridə qalmış 2023/2024 mövsümündə Ən-Nəsiri “Sevilya”nın heyətində bütün yarışlarda 41 oyuna 20 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. O, “Sevilya”da bütövlükdə 196 oyuna çıxıb, 73 qol və 7 assistlə yadda qalıb.

Yussef Ən-Nəsiri 2016-cı ilin avqustunda debüt etdiyi Mərakeş yığmasının heyətində 73 oyun keçirib, 20 qol vurub və 4 məhsuldar ötürmə verib.

Yussef Ən-Nəsirinin qənimətlər muzeyində “Sevilya” ilə qazandığı 2 Avropa Liqası (2019/2020, 2022/2023) var.

Adnan Yanuzayla Tomas Dileyni də “Sevilya”nı tərk etdilər

“Sevilya” belçikalı sağ vingeri Adnan Yanuzayı da “Las Palmas”a icarəyə verib. 29 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O, 2022-ci ilin avqustunda keçdiyi “Sevilya”da cəmi 17 oyuna çıxıb və 1 assistlə yadda qalıb. Daha öncə “Başakşəhər”də də icarədə olmuş futbolçu, “Real Sosyedad”, “Mançester Yunayted”, “Sanderlend”, “Borussiya” (Dortmund) kimi klubların uğurları üçün çalışıb.

Adnan Yanuzay 2014-cü ildən formasını geyindiyi Belçika yığmasında 15 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Danimarka yığmasının mərkəz yarımmüdafiəçisi Tomas Dileyni də “Sevilya”nı tərk edib. 32 yaşlı futbolçu azad agent kimi keçmiş komandasına – ölkəsinin “Kopenhagen” klubuna keçib. O, 2021-ci ilin avqustunda 6 milyon avro qarşılığında keçdiyi “Sevilya”da 47 oyuna 2 qol vurub, 1 assist müəllifi olub.

Dileyni karyerası ərzində “Borussiya” (Dortmund), “Verder”, “Anderlext”, “Hoffenhaym” kimi klublarda da forma geyinib. O, vaxtilə “Kopenhagen”də 246 oyuna 24 qol vurub, 17 məhsuldar ötürmə verib.

Danimarkanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Dileyni, 2013-cü ildə debüt etdiyi əsas millidə 81 oyuna çıxıb. O, bu oyunlarda 8 qol və eyni sayda assistlə yadda qalıb.

Emir Ortakaya “Vesterlo”da

Yeri gəlmişkən, Ən-Nəsirini heyətinə qatan “Fənərbaxça”da da bir ayrılıq yaşanıb. İstanbul təmsilçisi gənc mərkəz müdafiəçisi Emir Ortakayanı “Vesterlo”ya icarəyə verib. Belçika klubu 20 yaşlı oyunçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.

“Gənclərbirliyi”nin yetirməsi olan Emir Ortakaya 2021-ci ildən “Fənərbaxça”da idi. O, bu klubun əsas komandasında debüt şansı əldə etməyib. Əvəzində müdafiəçi “Göztəpə”, “Kocaelispor” kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.

Ortakaya Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb. Hazırda isə U-21-ə dəvət alır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: