Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) badminton yarışları davam edir.
Arena.az xəbər verir ki, Azərbaycanı bu idman növündə təmsil edən Edi Reski Dviçayo bu gün növbəti sınağına çıxıb.
O, qrup mərhələsindəki ikinci görüşündə Danimarka təmsilçisi Anders Antonsenlə qarşılaşıb. Əvvəlki turlarda hərəyə bir qələbə qazanmış badmintonçular bu gün 1/4 finala vəsiqənin sahibini müəyyənləşdiriblər. Rəqib hər 2 setdə qalib gəlib. Nəticədə Dviçayo qrupda qalıb və mübarizəni dayandırıb.
Xatırladaq ki, Dviçayo qrup mərhələsindəki ilk görüşündə Avstriya idmançısı Kollins-Valentin Filimonla qarşılaşmış və hər iki seti qələbə ilə başa vurmuşdu. Edinin yer aldığı E qrupunun qalibi olan Antonsen birbaşa 1/4 finala yüksəlib.
Daha öncə Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra da Olimpiadadakı çıxışına elə qrup mərhələsində xitam vermişdi.
Azərbaycan Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. İdmançılarımızdan yalnız cüdoçu Hidayət Heydərov Olimpiya çempionu olub.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Badminton, kişilərin fərdi yarışı
E qrupu
31 iyul
Anders Antonsen (Danimarka) – Edi Reski Dviçayo 2:0 (21:10, 21:14)


