Azərbaycanın güləş üzrə olimpiya komandasının son heyəti Yay Olimpiya Oyunlarında (Paris-2024) iştirak üçün Fransaya yollanıb.
Arena.az xəbər verir ki, sərbəst güləş üzrə komandamızın üzvləri – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (130 kq) bu gün Parisə yola düşüblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak ediblər.
Avqustun 8-də Əliabbasla Osman, növbəti gün Turan və Georgi, ayın 10-da isə Hacı ilə Maqomedxan mübarizəyə başlayacaqlar.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Olimpiadada mübarizəyə ötən gündən start veriblər. İlk gündə mübarizəyə qoşulmuş Yunan-Roma güləşi üzrə yığmamızın üzvü Murad Məmmədov startda uduzub. Sabah Şəriəti isə yarımfinalda uduzduğu üçün bu gün bürünc medal uğrunda mübarizə aparacaq.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.


