“Jirona” Dovbikin keçmiş klubuna qarşı hörmətsizliyini şərh etdi

“Jirona” təmsilçiləri ukraynalı sabiq hücumçusu Artyom Dovbikin “Roma”ya keçdikdən sonra keçmiş klubu haqda açıqlamasını bəyənməyiblər.

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Kataloniya klubu bu barədə şifahi olaraq mənfi mövqeyini bildirsə də, rəsmən heç bir açıqlama verməyib.

Xatırladaq ki, Dovbik “Roma”ya keçdikdən sonra “canavarlar”ın klub televiziyasına müsahibəsində belə bir fikir ifadə etmişdi:

“Jirona” İspaniyada kiçik komandadır, amma “Roma” zəngin tarixə malik, İtaliyada çox vacib klubdur. Hər şey fərqli olacaq”.

“Roma” Dovbiki 30,5 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. Bəzi internet mənbələrində keçidin əlavə üstəliklər də daxil olmaqla, 37 milyon avro məbləğ müqabilində razılaşdırıldığı haqda məlumat var. Ukraynalı futbolçu “canavarlar”la 5 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə razılaşdırıb.

Artyom Dovbik futbola “Slavutiç” (Çerkası) klubunda (sonralar “Çerkasski Dnepr” və “Çerkaşşina” – redaktorun qeydi) qədəm qoyub. Ukraynalı hücumçu karyerası ərzində “Dnepr”, “Zarya” (Beltsı), “Midtyulland”, “Sönderyyuske”, “Dnepr-1” və “Jirona”da çıxış edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Dovbik “Jirona”nın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol vurub və 10 məhsuldar ötürmə verib.

Artyom Dovbik 2021-ci ilin martında debüt etdiyi Ukrayna yığmasının heyətində 31 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Artyom Dovbikin qənimətlər muzeyində “Midtyulland”la qazandığı Danimarka çempionluğu (2017/2018 və 2019/2020) və Danimarka Kuboku (2018/2019), həmçinin “Sönderyyuske” ilə əldə etdiyi daha bir Danimarka Kuboku (2019/2020) və “Zarya” ilə qalibi olduğu Moldova Kuboku (2015/2016) var.

Fərdi uğurlara gəlincə, Dovbik “Dnepr-1”-in heyətində 2021/2022-ci və 2022/2023-ci illər mövsümündə müvafiq olaraq 14 və 24 qolla 2 dəfə Ukrayna Premyer Liqasının və “Jirona”nın heyətində 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasının 24 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı ukraynalı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: