Yozua Kimmix: “Burada özümü evdəki kimi hiss edirəm”

“Bayern”in sağ cinah müdafiəçisi Yozua Kimmix meydandakı mövqeyi haqda danışıb və gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir ki, alman futbolçu baş məşqçisi Vensan Kompani haqda fikrini bildirməklə söhbətinə başlayıb, belçikalı mütəxəssisin ondan hansı mövqedə istifadə etməyi planlaşdırdığından danışıb:

“Bu, çox strukturlaşdırılmışdır. Aydındır ki, onun üçün bizimlə də qarşılıq doğuran məzmunu təmin etməsi vacibdir. O, çox, çox ilhamlıdır və komanda ruhunu irəli çəkir.

Meydandakı mövqeyim? Ümumiyyətlə o, bilir, mən bilirəm, hamımız bilirik ki, mən hər iki mövqedə oynaya bilərəm. Əvvəl-axır, qərarı məşqçi qəbul edir. İndiyə qədər yalnız mərkəz yarımmüdafiəçisi kimi məşq edib, oynamışam. Hələlik plan budur.

Mənim gələcəyim? Ümumiyyətlə, burada özümü evdəki kimi hiss edirəm. Uşaqlarımın hamısı burada doğulublar, burada ev bina etmişik”, deyə Kimmix vurğulayıb.

Xatırladaq ki, Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro məbləğ müqabilində “Ştutqart”dan keçib. Alman futbolçunun Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Kimmix münhenlilərin heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə verib. Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 390 oyun, 42 qol, 104 məhsuldar ötürmə.

Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 91 oyuna 6 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.

Kimmix “Bayern”in heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı alman futbolçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: