Rafael Varan “Komo”nun heyətində ilk oyunda zədələndi

“Komo”nun fransalı mərkəz yarımmüdafiəçisi Rafael Varan yeni komandasının heyətində debüt oyununda zədələnib.

Arena.az məlumat verir ki, bu, İtaliya Kubokunun 1/32 final mərhələsinin “Sampdoriya – “Komo” oyununda (əsas və əlavə vaxt 1:1, penaltilərlə 4:3) baş verib.

Oyunun əvvəlində zədələnmiş Varan 23-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb.

Bu yay “Mançester Yunayted”dən azad agent kimi ayrılmış Rafael Varan “Komo” ilə 2+1 illik müqavilə imzalayıb. O, 2021-ci ilin avqust ayından Mançester klubunda çıxış edirdi. 31 yaşlı futbolçu ötən mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər çərçivəsində 30 oyun keçirib və 1 qol vurub. Varanın “Mançester Yunayted” karyerası bütövlükdə 95 oyun, 2 qol və 1 məhsuldar ötürmədən ibarətdir.

Varan daha öncə “Real” və “Lans” klublarında forma geyinib. Onun futboldakı əsas uğurları da məhz İspaniya klubu ilə bağlıdır. Rafa Madrid nəhənginin heyətində çoxsaylı titullara sahib çıxıb, 4 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Varan 2013-cü ilin mart ayında debüt etdiyi Fransa milli komandasında 93 oyun keçirib. Müdafiəçi bu görüşlərdə 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. O, yığmanın heyətində DÇ-2018-in qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: