“Qarabağ” “Ludoqorets” səddini keçə biləcək?

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində Bolqarıstan çempionu “Ludoqorets”lə mübarizə aparır.

Azərbaycan və Bolqarıstan çempionları arasındakı ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş və Ağdam klubunun gözlənilməz məğlubiyyəti ilə yekunlaşmışdı – 1:2. İndi təmsilçimiz növbəti mərhələyə vəsiqəni çətin səfər matçında qazanmağa çalışacaq.

Bu komandalar arasındakı həlledici oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Simone Sozza olacaq.

Cari avrokubok mövsümündə Bolqarıstan klubu iki “Dinamo”nu mübarizədən kənarlaşdırıb. Bunlardan biri Batumini təmsil edən Gürcüstan çempionu, digəri isə Minski təmsil edən Belarus çempionu olub. Maraqlıdır ki, hər iki rəqabətdə “Ludoqorets” evdə iki top üstünlük qazanması sayəsində səfərdəki 0:1-lik məğlubiyyətə bir o qədər də məyus olmayıb.

“Qarabağ” isə cari avrokubok mövsümünə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb. Təmsilçimiz Cəbəllüttariq çempionu “Linkoln”u səfərdə 2:0, evdə isə 5:0 hesabıyla məğlub edərək 3-cü raunda yüksəlib.

“Qarabağ” – “Ludoqorets” cütünün qalibi ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu

13 avqust

22:00. “Ludoqorets” – “Qarabağ”
Hakimlər: Simone Sozza, Corco Peretti, Davide İmperiale, Matteo Marketti (hamısı İtaliya).
VAR hakimləri: Canluka Aureliano, Marko Serra (hər ikisi İtaliya).
Razqrad. “Ludoqorets Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: