Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun və Türkiyə millisinin dayaq yarımmüdafiəçisi Berat Özdemir “Başakşəhər”ə keçib.
Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.
“Başakşəhər” 26 yaşlı futbolçunu satınalma şərti ilə icarəyə götürüb. Berat İstanbul təmsilçisi ilə 1+2 illik müqaviləyə imza atıb.
Berat Özdemir “Gənclərbirliyi” klubunun yetirməsidir. O, karyerası ərzində “Hacettepe”, “Trabzonspor” kimi klubların da formasını geyinib. 2022-ci ilin avqustunda 2,44 milyon avro müqabilində “Əl-İttifaq”a keçən futbolçu bu komandada 31 oyuna 1 qol vurub. Ötən mövsümü isə o, “Trabzonspor”da icarədə keçirib. Berat Türkiyənin əsas millisində 4 matça çıxıb.

Futbol üzrə Seneqal yığmasının və Yunanıstanın “Olimpiakos” klubunun mərkəz müdafiəçisi Usseynu Ba isə birdəfəlik “Başakşəhər”ə keçib. İstanbul təmsilçisi 28 yaşlı futbolçunu ötən il satınalma şərti ilə icarəyə götürmüşdü. Bu yay isə Türkiyə klubu onun transfer hüquqlarını da alıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar. “Başakşəhər” onun transferi üçün 1,2 milyon avro ödəyib.
Usseynu Ba “Olimpiakos”a 2019-cu ilin yanvarında Fransanın “Ayaçço” klubundan 500 min avro müqabilində keçmişdi. O, bu komandada 113 oyuna çıxıb, 1 qol da vurub. Seneqallı oyunçunun “Başakşəhər” karyerası isə 27 oyun və 1 assistdən ibarətdir.
Ba Seneqal yığmasında da 2 oyun keçirib.
“Başakşəhər”də 6 ayrılıq
“Başakşəhər” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Mərkəz müdafiəçisi olan Ravil Tagir Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna keçib. 21 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Altınordu”nun yetirməsi olan, “Başakşəhər”də 18 oyuna 1 qol vurmuş gənc futbolçu, bir müddət “Vesterlo”da da çıxış edib. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
İsrailli dayaq yarımmüdafiəçisi Eden Kartsev isə Çinin “Şenjen Penq Siti” klubuna icarəyə verilib. Sözügedən klub 24 yaşlı oyunçunu satınalma şərti ilə heyətinə qatıb. “Makkabi” (Təl-Əviv), “Makkabi” (Netanya), “Kiryat Şmona”, “Hapoel” (Hadera), “Beytar” kimi klublarda da forma geyinmiş Kartsev, “Başakşəhər”ə cəmi 17 oyun keçirib. O, İsrail yığmasında da 5 oyuna çıxıb.
19 yaşlı türkiyəli hücumçu Batuhan Çelik “Ümraniyəspor”a, 23 yaşlı hücumçu Məhəmməd Aslantaş “Elazığspor”a, 22 yaşlı qvineyalı yarımmüdafiəçi Seku Banqura “Kiryat Şmona”ya (İsrail) icarəyə verilib. 22 yaşlı sağ cinah müdafiəçisi Məhəmməd Sarıkaya isə tamhüquqlu əsasda “1461 Trabzon” klubuna keçib.


