Futbol üzrə Bolqarıstan çempionu “Ludoqorets” klubunda əsas komandanın baş məşqçisi Georgi Dermenciyev istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında Azərbaycan təmsilçisi “Qarabağ”a 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Qərarın tezliklə rəsmən açıqlanacağı bildirilir.
Daha əvvəl bir neçə dəfə “Ludoqorets”də işləyən Dermenciyev 2023-cü ildə kluba qayıdıb. Razqrad təmsilçisi bu mütəxəssisin rəhbərliyi altında bütövlükdə 176 oyun keçirib. Komanda bu görüşlərdə 110 qələbə qazanıb, 32 heç-heçə edib, 34 məğlubiyyətə üzülüb.
69 yaşlı Dermenciyev Bolqarıstan yığmasında, Sofiya “Levski”sində, Qazaxıstan təmsilçisi “Ordabası”da da baş məşqçi kimi çalışıb.
Xatırladaq ki, “Qarabağ”la Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazanmışdı – 2:1. Lakin səfərdə darmadağına imza atan Azərbaycan çempionu ÇL-in pley-offuna vəsiqə qazanmışdı. “Qarabağ” növbəti mərhələdə Xorvatiya nəhəngi “Dinamo” (Zaqreb) ilə qarşılaşacaq. “Ludoqorets” isə Avropa Liqasının pley-offunda Moldova “Petrokub”u ilə münasibətlərinə aydınlıq gətirəcək.


