Zirkze: “Mançester Yunayted” mənim üçün ən böyük klubdur”

İngiltərənin “Mançester Yunayted” klubu hücumçusu Coşua Zirkze “qırmızı şeytanlar”a qoşulması haqda qərarına aydınlıq gətirib.

Arena.az niderlandlı futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən niyə “Mançester Yunayted”ə keçdim? Bəziləri üçün bu, sərsəm görünə bilər, amma mənim üçün bu, dünyanın ən böyük klubudur. Düzünü desəm, çətin seçim deyildi”.

Xatırladaq ki, Zirkze İngiltərə Premyer Liqasının 2024/2025-ci illər mövsümünün açılış oyununda, 1-ci tur çərçivəsində “Fulhem”in qapısına vurulmuş yeganə qələbə qolunun müəllifi olub.

Mərkəz hücumçusu olan Coşua Zirkze futbola “Vlardingen” klubunda qədəm qoyub. Yeniyetməlik illərində “Spartan ‘20”, “ADO Den Haaq”, “Feyenoord” və “Bayern”in futbol məktəblərini dolaşmış Zirkzenin böyük futbolda debütü Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Sonralar Zirkze “Parma”, “Anderlext” və “Bolonya”da çıxış edib.

“Mançester Yunayted” Zirkzeni 2024-cü ilin iyulunda 42,50 ilyon avro məbləğ müqabilində “Bolonya”yadan tamhüquqlu əsasda “qırmızı şeytanlar”ın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Zirkze “Mançester Yunayted”in heyətində debüt oyununda 1 qol vurub.

Coşua Zirkze 2024-cü ilin iyulunda debüt etdiyi Niderland yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Coşua Zirkzenin qənimətlər muzeyində olan bütün qənimətlər Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır – Almaniya çempionluğu (3 dəfə), Almaniya Kuboku, Almaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku.

“Transfermarkt” internet-portalı 24 yaşlı niderlandlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: