Bu yay İtaliyanın “Milan” klubundan azad agent kimi ayrılmış müdafiəçi Simon Kyaer Danimarka millisindəki karyerasını başa vurub.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə “İnstagram” hesabında paylaşım edib. O, milli ilə vidalaşdığını bəyan edib.
Xatırladaq ki, Kyaer Danimarkanın U-19 və U-21 yığmalarında da forma geyinib. 2009-cu ilin iyun ayının 6-da əsas millidə debüt etmiş futbolçu, Danimarka yığmasında 132 oyun keçirib, 5 qola imza atıb, 6 məhsuldar ötürmə verib.
Simon Kyaer 2020-ci ilin yanvar ayından Milan şəhərinin eyniadlı təmsilçisində çıxış edirdi. Təcrübəli müdafiəçi 2023/2024 mövsümündə meydana çıxdığı 25 oyunda 1 məhsuldar ötürmə müəllifi olub. Kyaer bu komandanın heyətində bütövlükdə 121 matça çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Kyaer daha öncə “Midtyulland”, “Palermo”, “Volfsburq”, “Roma”, “Lill”, “Fənərbaxça”, “Sevilya” və “Atalanta”da da forma geyinib.
“Transfermarkt” internet-portalı 35 yaşlı danimarkalı müdafiəçinin transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.



