Adil Şükürov “Kəpəz”dən getdi – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” komandasının baş məşqçisi Adil Şükürov postundan ayrılıb.

Arena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis öz istəyi ilə vəzifəsindən gedib.

Gəncə klubu da bu barədə məlumatı təsdiqləyib. Xəbərdə bildirilir ki, klub baş məşqçi Adil Şükürovla yolları ayırıb. Qeyri-qənaətbəxş nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub Adil Şükürova xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qarşıdakı günlərdə baş məşqçi məsələsi ilə bağlı ictimaiyyətə və mətbuata əlavə məlumat veriləcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, istefaya Şükürovun komandasının 2024/2025 mövsümünə uğursuz başlaması səbəb olub. Belə ki, Premyer Liqada 4 turdan sonra xalsız olan “Kəpəz” sonuncu – 10-cu pillədə qərarlaşıb. Gəncə təmsilçisi bu oyunlarda rəqib qapılarına qol da vura bilməyib:

“Sumqayıt” – “Kəpəz” 2:0
“Qarabağ” – “Kəpəz” 3:0
“Kəpəz” – “Turan Tovuz” 0:3
“Səbail” – “Kəpəz” 4:0

Adil Şükürov 2023-cü ilin noyabr ayından bölgə təmsilçisində baş məşqçi vəzifəsində işləyirdi. Həmin vaxt o, Azər Məmmədovun istefasından sonra bu posta təyinat almış və 2 illik müqaviləyə imza atmışdı. Bir sözlə, Şükürovun “Kəpəz”lə bu mövsümün sonunadək qüvvədə olan müqaviləsi vardı.

Şükürov “Kəpəz”dən öncə vaxtilə “Zirə” və “Şüvəlan”ın da baş məşqçisi olub. Mütəxəssis “Zirə”yə vaxtilə Azərbaycan çempionatının gümüş medalını qazandırıb.

Adil Şükürov vaxtilə futbolçu kimi də “Kəpəz”də çıxış edib. O, 1999/2000 mövsümdə “sarı-göylər”in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: