Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” fransalı yarımmüdafiəçisi Hamidu Keyta ilə yollarını ayırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu sosial şəbəkə hesabında paylaşım edib.
Xəbərdə bildirilir ki, 29 yaşlı fransalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Qarabağ” Futbol Klubu Keytaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Keyta bundan sonrakı karyerasını Türkiyədə davam etdirəcək. Daha öncə xəbər verdiyimiz kimi, yarımmüdafiəçi “Konyaspor”la razılığa gəlib. Fransalı oyunçunun bu gün axşam saatlarında Konyada olacağı bildirilir. Super Liqa təmsilçisi onunla 2 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, Hamidu Keyta “Qarabağ”a 2023-cü ilin iyul ayında “Zirə”dən azad agent kimi keçmişdi. Həmin vaxt futbolçu ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalanmışdı. Türkiyə klubunun Keytanı heyətinə qatmaq üçün Ağdam klubuna təzminat ödəyib-ödəməyəcəyi açıqlanmır.
Keyta “Qarabağ”ın heyətində 54 oyun keçirib, 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, Premyer Liqada 31 (7 qol), Azərbaycan Kubokunda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. O, 2022-ci ilin yanvarından “Qarabağ”a keçənə qədər formasını geyindiyi “Zirə”də də 54 oyuna çıxıb., 15 qol vurub, 12 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi daha öncə “Botoşani”, “Dunarea Kalarasi”, “Şambli”, “Sent Etyen”, “Santa-Klara” və “Trellisak” kimi komandalarda da oynayıb.
Sonda onu da vurğulayaq ki, “Qarabağ” bu yay Adama Diakabi, Maksim Medvedev (karyerasını bitirib), Andrey Lunyov, Nihad Quliyev və Luka Quqeşaşvili ilə də yollarını ayırmışdı. Rüstəm Əhmədzadə və İsmayıl İbrahimli isə “Zirə”yə icarəyə verilmişdilər.
Bəhlul Mustafazadə, Nəriman Axundzadə, Riçard Almeyda və Abdullah Zubirlə yeni müqavilə bağlamış Ağdam klubu Fabiyan Buntiç (“Vizela”, Portuqaliya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Şahruddin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə), Mateuş Koxalski (“Stal”, Polşa), Emmanuel Addai (“Alkorkon”, İspaniya) və Aleksey Kaşuku (“Şaxtyor”, Donetsk, Ukrayna) heyətinə qatmışdı.


