Ağırlıqqaldırma: Qadınlar arasında Azərbaycanın ən güclüləri

Bu gün gənclər arasında Azərbaycan birinciliyinə və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.

Arena.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi çempionat Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzində keçirilir.

Yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq.

Bu gün körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar həm gənclərdə, həm də böyüklərdə qalibləri müəyyən ediblər. Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Lalə Əzizli (59 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq), Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında ölkə çempionu olublar. Lalə Əzizli (59 kq) yalnız böyüklərdə fərqlənməyi bacarıb. Milena Hüseynli (59 kq) də yalnız gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıb.

Çempionatın təşkilində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: