Xəbər verdiyimiz kimi, Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Xırdalan” fəaliyyətini “Abşeron” adı altında davam etdirəcək.
Arena.az xəbər verir ki, 2024/2025 mövsümündə komanda Abşeron Olimpiya idman kompleksində məskunlaşacaq.
Kompleks Azərbaycan Basketbol federasiyasının dəstəyi ilə təmir olunaraq klubun ixtiyarına verilib. Arenada parket örtüyü, səbətlər və digər texniki qurğular standartlara cavab verən şəkildə yenilənib. Kompleks ölkə çempionatı oyunlarını qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib.
Artıq “Abşeron” komandasının yeni baş məşqçisinin də adına aydınlıq gəlib. Sözügedən komanda türkiyəli Erhan Tokerə tapşırılıb. Onunla 1 illik müqavilə imzalanıb. Toker bu postda həmyerlisi Uğur Özdemiri əvəz edib.
Xatırladaq ki, Erhan Toker Türkiyədə “Qalatasaray”ın aşağı yaş qrupları üzrə komandalarının baş məşqçisi kimi çalışıb. O, “Tofaş” komandasında da fəaliyyət göstərib.
Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq “Quba” komandasının da məşqçilər heyəti bəlli olub. Ötən mövsüm “Cəlilabad” adı ilə yüksək liqada yarışan komandanın adı “Quba”ya dəyişdirilib.
“Cəlilabad” komandasının məşqçilər korpusu və əksər oyunçuları da “Quba”nın heyətində olacaq. Şimal təmsilçisinin baş məşqçisi Şəhriyar Əsgərov olacaq. Zaur Paşayev isə oynayan məşqçi funksiyasını yerinə yetirəcək. Komandanın kapitanı Fikrət Paşayev olacaq.
Qeyd edək ki, “Quba” ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.
“Quba” ilk transferini də reallaşdırıb. Sözügedən klub Davonte Kravenlə anlaşıb. Amerika Birləşmiş Ştatlarından olan 1999-cu il təvəllüdlü basketbolçu “Rust Colleg”in yetirməsidir. O, son mövsümü Maltada keçirib. Davonte bu ölkənin “Starlites” klubunun üzvü olub.
Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümündə “Lənkəran” komandası da mübarizə aparacaq. Yeni yaranmış komandanın baş məşqçisi belaruslu mütəxəssis Georgi Kondruseviç olacaq. Onun köməkçisi isə türkiyəli Alperen Kılıçoğludur. Komandanın kapitanı qarşıdakı günlərdə bəlli olacaq. Klub ev oyunlarını Lənkəran Olimpiya İdman Kompleksində keçirəcək.
“Lənkəran” heyətinə yeni oyunçu da qayıb. Klub millimizin basketbolçusu ilə güclənib. Azərbaycanın U-18 və U-20 yığmasının formasını geyinən Rəşid Abbasovla müqavilə imzalanıb. Gənc oyunçu ilə 1 illik anlaşma əldə olunub. 20 yaşlı basketbolçunun son klubu NTD olub.
“Sərhədçi” 2, NTD 3 amerikalı basketbolçu ilə gücləndi
Azərbaycan Basketbol Liqasında mübarizə aparan digər klublar da heyətlərini gücləndirməyə davam edirlər. Favoritlərdən sayılan “Sərhədçi” də növbəti transferlərini reallaşdırıb. Sözügedən komanda ABŞ-dən olan basketbolçular – Markeyl Lotts və Dre Ceksonla anlaşıb. Onlarla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bakı klubu bundan əvvəl digər amerikalı basketbolçu Marlon Teyloru da heyətinə qatmışdı.
“Sərhədçi” yerli basketbolçu Nicat Nəsirovla da anlaşıb. O, mövsümün sonuna qədər “Sərhədçi”nin şərəfini qoruyacaq.
NTD də heyətini 3 oyunçu ilə gücləndirib. Hər 3 basketbolçu Amerika Birləşmiş Ştatlarını təmsil edir. Oyun qurucusu (point guard) Zion Pattersonsla mövsümün sonuna qədər müqavilə imzalanıb. 24 yaşlı basketbolçunun çıxış etdiyi son klub “Henderson State University” olub. Kaleb Burges də oyun qurucusu (point guard) mövqeyində oynayır. Mövsümün sonuna kimi müqavilə imzalanan basketbolçu son 2 ili “UNC Asheville Bulldogs”da (University of North Carolina Asheville) keçirib. Linton Braun da yeni klubu ilə mövsümün sonuna kimi müqavilə bağlayıb. 24 yaşlı universal basketbolçu həm atış müdafiəçisi, həm də kiçik forvard mövqelərində oynaya bilir. Oyunçunun son klubu “Vayland Baptist University” olub.
“Şəki” klubu da heyətini iki yeni oyunçu ilə gücləndirib. Komanda Əbdülmətin Quliyevlə müqavilə bağlayıb. Tərəflər arasındakı razılaşma mövsümün sonunadək nəzərdə tutulub. 20 yaşlı Əbdülmət 1,95 metr boya malikdir. O, “Şəki”də də 17 nömrəli formada çıxış edəcək. Quliyev ötən mövsüm “Cəlilabad”ın şərəfini qoruyub.
“Şəki” Aleks Koldvelli də transfer edib. Oyun qurucusu (point guard) mövqeyində çıxış edən 24 yaşlı basketbolçu ötən mövsümdə Albaniyanın “Beselidya” klubu ilə çempion olub. Amerikalı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Koldvell Albaniya çempionatında orta hesabla 21,2 dəqiqə meydanda olub və 11,2 xal toplayıb.
“Sumqayıt” da heyətini yeni oyunçularla gücləndirib. Sözügedən klub Türkiyənin “Ormanspor” klubunda oynamış Saadettin Donatla 1 illik müqavilə imzalayıb. “Kimyaçılar” ötən mövsüm “Neftçi”nin formasını geyinmiş Zaur Quşanovu da heyətə qatıblar. “Sumqayıt” ötən mövsüm komandada çıxış edən İsmayıl Əliyevlə də müqaviləni yeniləyib.
“Gəncə” klubu isə Maqsud Rüstəmovla müqaviləni yeniləyib. Ötən mövsümdən “sarı-göylər”in şərəfini qoruyan 22 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb. 197 sm boya malik Rüstəmov hücumçu mövqeyində çıxış edir. O, 14 nömrəli forma ilə oynayacaq.
“Gəncə” ötən mövsümdən bu klubun şərəfini qoruyan Nicat Hüseynovla da 1 illik yeni anlaşma əldə edib. 17 yaşlı hücumçu Gəncə basketbol məktəbinin yetirməsidir.


