“Sabah” FİBA Çempionlar Liqasında ilk matçına çıxır

Bu gün basketbol üzrə Azərbaycan çempionu “Sabah” FİBA Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, çempionumuzun rəqibi İsveçin “Norçöpinq Dolfins” klubu olacaq.

Qarşılaşma Türkiyənin Antalya şəhərində keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi sentyabrın 19-da keçiriləcək yarımfinalda İsveçrənin “Friburq” klubu ilə üz-üzə gələcək.

Azərbaycan çempionu Çempionlar Liqasının oyunlarına Litvada hazırlaşıb. Avqustun 20-dən bu ölkədə təlim-məşq toplanışında olan “bayquşlar” orada 6 yoxlama oyunu da keçiriblər. Rimas Kurtinaytisin komandası Litvanın “Jalgiris” (62:94), “Yanova” (68:97) və “Rtas” (84:87) klublarına məğlub olub. Bu ölkənin “Majeykyay” (76:57), “Neptunas” (82:71) və Almaniyanın “Rostock Seavolves” (72:71) klubları ilə görüşlərdə isə Azərbaycan təmsilçisi qələbə qazanıb.

“Sabah”ın Çempionlar Liqası üçün açıqlanmış heyətində 15 basketbolçu yer alıb:

Cəbrayıl Əkbərov, Aydın İbrahimov, Əkbər Məmmədov, Əlikamran Məmmədov, Endər Poladxanlı, Şirzad Şirzadov, Tariyel Yusifzadə (hamısı Azərbaycan), Deandre Baldvin, Kamron Blu, Trevon Duval, Hassani Qravett, Maykl Holton (hamısı ABŞ), Artyom Butyankov, Klav Kavar (hər ikisi Latviya) və Andrey Voynaloviç (Ukrayna).

FİBA Çempionlar Liqası
17 sentyabr

17:30. “Sabah” – “Norçöpinq Dolfins”
Antalya. “Qloria Sports Arena”.

Xəbəri sosial şəbəkələrdə paylaş: