Tibo Kurtua oyun təqvimi mövzusunda Rodri ilə həmfikirdir

“Real”ın qapıçısı Tibo Kurtua təqvimin sıx olmasından şikayətlənən “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin sözlərini dəstəkləyib.

Arena.az belçikalı qolkiperin bu barədə fikrini təqdim edir:

“Rodri haqlıdır. Azarkeşlər ən yaxşıları meydanda görmək istəyirlər. Bizə, tarazlığı tapmaq gərəkdir, belə ki, qarşıda oyunlar var, zədəlilərin sayı isə daha da artır. Adamlar deyirlər ki, futbolçular çox qazanırlar, bizim isə şikayətə yerimiz yoxdur. Bu, doğrudur, amma biz tarazlıq tapmalıyıq, çünki ən yaxşı oyunçular həmişə meydanda ola bilməzlər”, deyə Tibo Kurtua vurğulayıb.

Vurğulayaq ki, daha əvvəl də futbol dünyasından bir çox nüfuzlu mütəxissslər – “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti, “Mançester Siti”nin ispan çalışdırıcısı Xosep Qvardiola təqvim sıxlığı ilə bağlı fəsadın həlli üçün futbol məmurlarına səslənmişdilər. Həmçinin “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekker və “Mançester Siti”nin ispan yarımmüdafiəçisi Rodriqo Ernandes də oyun təqviminin tərtibatı zamanı futbolçuların fikirlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdılar. Rodri hətta buna görə futbolçuların tətil etməsinin mümkünlüyünü də dilə gətirmişdi.

Xatırladaq ki, 2024/2025-cü illər mövsümündən etibarən Avropanın ən mötəbər klub yarışında iştirakçıların sayı 32-dən 36-ya yüksəldilib. Klassik qrup mərhələsi ümumi cədvəllə əvəz edilib. Hər komanda müxtəlif rəqiblərə qarşı 8 oyun keçirəcək. Oyun təqviminin sıxlığı isə futbolçuların yorğunluğuna yol açır, bu isə öz növbəsində qaçılmaz olan ağır zədələrlə nəticələnir.

Sonda onu da vurğulayaq ki, Tibo Kurtuanın formasını geyindiyi Madrid “Real”ı ötən mövsüm UEFA Çempionlar Liqasının və İspaniya La Liqasının qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: