Almaniyanın “Auqsburq” klubunun əslən Konqodan olan fransalı hücumçusu Natanael Mbuku Bundesliqa təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, cinah hücumçusu (vinger) kimi çıxış edən 22 yaşlı futbolçu bundan sonra Zaqreb “Dinamo”sunun formasını geyinəcək.
Xorvatiya nəhənginin bu transferi hansı şərtlərlə rəsmiləşdirdiyi açıqlanmır. Tərəflər 3 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıblar.
Natanael Mbuku Fransada dünyaya göz açıb və bu ölkənin müxtəlif klublarının futbol akademiyalarında forma geyinib. Peşəkar karyerasına “Reyms”də başlamış futbolçu 2019-cu ildən 2023-cü ilədək bu klubun əsas komandasında çıxış edib. “Auqsburq” onu 2023-cü ilin yanvarında azad agent kimi heyətinə qatmışdı. Fransalı vinger Bundesliqa klubunun əsas komandasında cəmi 3 oyuna çıxıb. Ötən mövsümü “Sent Etyen”də icarədə keçirmiş Mbuku, Fransa klubunda 21 matça çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Mbuku Fransanın müxtəlif yaş qrupları üzrə yığmalarında, həmçinin Olimpiya yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.


