Şahmat Olimpiadası: Son turda bir qələbə, bir məğlubiyyət

Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş sayca 45-ci Ümumdünya Şahmat Olimpiadası bu gün başa çatıb.

Arena.az xəbər verir ki, son gündə 11-ci turun görüşləri keçirilib.

Azərbaycanın kişilərdən ibarət yığması son turda Braziliya ilə qarşılaşıb. Görüş zəka sahiblərimiz üçün uğurlu alınıb. Komandamız 3:1 hesabı ilə qalib gəlib.

Braziliya – Azərbaycan 1:3
Louis Supi – Aydın Süleymanlı 0,5:0,5
Alexander Fieir – Nicat Abasov 0,5:0,5
Renato Kintiqliano – Rauf Məmmədov 0:1
Dieqo Di Bernadio – Şəhriyar Məmmədyarov 0:1

Xatırladaq ki, yığmamız yarışda 7 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb və 2 dəfə uduzub. Bu nəticə ilə ölkəmiz 16 xal toplayıb.

Yığma daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) Qazaxıstan (3:1) və Kubanı (3:1) məğlub etmişdi. Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzan millimiz İtaliya (2:2) və Yunanıstanla (2:2) da heç-heçəyə razılaşmışdı.

Qadın şahmatçılarımız isə bu gün lider Hindistanla münasibətlərə aydınlıq gətiriblər. Görüş rəqibin üstünlüyü ilə keçib və millimiz olimpiadada 2-ci dəfə uduzub.

Hindistan – Azərbaycan – 3,5:0,5
Harika Dronavalli – Günay Məmmədzadə 1:0
Rəmeşbabu Vaişəli – Ülviyyə Fətəliyeva 0,5:0,5
Deşmux Divya – Gövhər Beydullayeva 1:0
Vantika Aqraval – Xanım Balacayeva 1:0

Yekunda 6 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətə imza atan millimiz turniri 15 xalla yekunlaşdırıb.

Xatırladaq ki, qadınlardan ibarət millimiz daha əvvəl Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1), Vyetnam (2,5:1,5) İsveçrədən (4:0) üstün olmuşdu. Argentina, Ukrayna və İtaliya ilə heç-heçə (2:2) edən şahmatçılarımız Qazaxıstana yenilmişdilər – 1:3.

Ümumdünya Şahmat Olimpiadası sentyabrın 11-də start götürmüşdü.

Xəbəri sosial şəbəkələrdə paylaş: