Hansi Flik “Alaves” üzərində qələbəni şərh etdi

“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 9-cu turu çərçivəsində “Alaves”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi səfər oyununda 3:0 hesablı qələbəyə sevinib.

Alman mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında komandasının çıxışı barədə bunları söyləyib:

“Bu, çətin oyun idi, çünki “Alaves” yaxşı təpki edirdi, amma biz həm birinci, həm də ikinci hissədə yaxşı oynadıq.

Oyunçularımızın hərəkiliyi inanılmazdır. Çoxlu qol vurduq və bu, bizim üçün çox yaxşı haldır. Bu, növbəti oyunlarda bizə kömək edəcək, çünki oyun tərzimiz və təpkimiz mürəkkəbdir.

Səhvləri düzəltmək üçün keçmişə boylanıram, amma mənim fəlsəfəm irəliyə baxmaqdır. “Osasuna” və “Monako”ya qarşı çox yaxşı oynamadığımızı bilirik, amma bunu təhlil etdik və səbrsizcə, növbəti oyunların intizarındayıq”.

Hansi Flik Kataloniya təmsilçisinin polşalı hücumçusu Robert Levandovskinin “Alaves”lə matçdakı çıxışından da söz açıb:

“Məncə, hər kəsi tərifləmək gərəkdir. Bütün komanda Roberti dəstəkləyir. Onun öz mövqeyində ən yaxşısı olduğunu bilirik. Mən ondan çox razıyam. Siz də görə bilərsiniz ki, o, bacarığını ortaya yüz faiz qoyur. Üç xala və Robertə görə xoşbəxtəm”, deyə Flik vurğulayıb.

Vurğulayaq ki, “Barselona” məhz polyak mərkəz hücumçusu Robert Levandovskinin het-triki sayəsində səfərdən 3 xalla qalib dönməyi bacarıb.

9 turdan sonra “Barselona” 24 xalla İspaniya La Liqasının yarış cədvəlində zirvədə qərarlaşıb. “Alaves” isə 10 xalla 14-cü yerdədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: