Lukas Paketa futboldan ömürlük kənarlaşdırıla bilər

“Vest Hem”in braziliyalı yarımmüdafiəçisi Lukas Paketa dostları ilə etdyi mərc qoyuluşlarına görə futboldan ömürlük kənarlaşdırıla bilər.

Arena.az bu barədə “Daliy Mail” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, braziliyalı futbolçu mərc bazarına təsir göstərmək üçün qəsdən ən azı 4 sarı vərəqə almaqda ittiham edilir. Bildirilir ki, Braziliyada təxminən 60 nəfər, oyunçuya müvafiq oyunlarda sarı vərəqə verilməsinə 7-400 funt-sterlinq məbləğ aralığında dəyişən mərc qoyuluşları edib və ümumilikdə 100000 funt-sterlinq qazanıb.

Vurğulanır ki, Paketa ona qarşı irəli sürülən bütün ittihamları rədd edir və daha əvvəl adının təmizə çıxarılması üçün mübarizə aparacağını bəyan edib.

Bundan əvvəl, Paketanın 2025-ci ilin martında qumar işi üzrə məhkəmə qarşısına çıxacağı bildirilirdi. Paketaya İngiltərə Futbol Assosiasiyası (The FA) tərəfindən meydanda bilərəkdən 4 qayda pozuntusuna yol verdiyi ilə bağlı ittiham irəli sürülüb.

Lukas Paketa “Flamenqo”nun yetirməsidir. Braziliyalı futbolçu Avropada debütünü – 2019/2020-ci illər mövsümünü “Milan”da keçirdikdən sonra 2020-ci ilin sentyabrında 23,44 milyon avro məbləğ müqabilində Lion “Olimpik”inə keçib. “Vest Hem” Paketanı 2022-ci ilin avqustunda Lion “Olimpik”indən 42,95 milyon avro məbləğ müqabilində öz heyətinə qatıb. Braziliyalı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Paketa “çəkicdöyənlər”in aparıcı oyunçusudur. Cari mövsümdə Paketa “Vest Hem” üçün 9 oyun keçirib, 2 qol vurub. Paketanın “çəkicdöyənlər”in heyətində çıxışının ümumi mənzərəsi 93 oyun, 15 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Paketa 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasının heyətində 52 oyuna çıxıb, 11 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.

Lukas Paketanın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və Braziliya millisi ilə qazandığı Amerika Kuboku (2018/2019) var.

“Transfermarkt” internet-portalı 26 yaşlı braziliyalı hücumameylli yarımmüdafiəçi Lukas Paketanın transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: