“Barselona”nın yeni qapıçısı Voyçex Şesnı Kataloniya klubuna qoşulduqdan sonra kütləvi informasiya vasitələrinə müsahibələri diqqət çəkib.
Arena.az polyak qapıçının müsahibələrindən seçilmiş məqamları toplayaraq, oxucularına təqdim edir.
Şesnı “Barselona”nın təklifinə necə qarşılıq verməsi ilə bağlı fikrini paylaşıb:
“Sən buna “yox” deyə bilməzsən. “Barselona”ya “yox” deyirsənsə, belə bir çağırış üçün nə xayaların, nə də cəsarətin vardır. Bunun üçün arxan gərəkdir”, – “Marca” polyak qapıçıdan sitat gətirir.
Şesnı “blauqrana”nın, ağır zədə alaraq mövsümün sonuna qədər sıradan çıxmış alman əsas qapıçısı Mark-Andre ter Ştegenlə münasibətindən söhbət açıb:
“Mən Ter Stegenlə danışmışamı? Bəli, mən onu artıq bir neçə dəfə görmüşəm və o, dəhşətli zədəsinə rəğmən, müsbət əhval-ruhiyyədə görünür. Mən bura, onu uzunmüddətli perspektivdə əvəz etmək üçün deyil, ona kömək etmək üçün gəlmişəm”, – “Munde Deportivo” nəşri polyak qapıçıdan sitat gətirir.
Şesnı “blauqrana”da ayaqla oyunla bağlı tələblərin onun üçün fəsad yaradıb-yaratmayacağı ilə bağlı sualı da cavablayıb:
“Barsa”nın öz qapısı önündə oynaması tərzi, Andrea Pirlonun baş məşqçi olduğu zaman “Yuventus”da etdiyimizə çox bənzəyir. Onların meydanın aşağı üçdə birində necə oynadıqlarını başa düşmək üçün oyunlarına baxmışam. Onların oyun tərzi əslində bir qapıçı üçün çox çətin deyil, ona görə də ayaqlarımla oynamaqda heç bir fəsadım olmayacaq. Heç kimin mənim üslubuma müvafiq olmasını gözləmirəm. Məhz mən “Barsa”nın tərzinə uyğunlaşmalıyam,” – “Mundo Deportivo” polyak qapıçıdan sitat gətirir.
Həmçinin Şesnı “blauqrana”nın 17 yaşlı yeniyetmə ispan mərkəz müdafiəçisi Pau Kubarsinin onda yaratdığı təəssürat haqda danışıb:
“Kubarsi məndə təəssürat yaratdı. Televizor vasitəsilə onu izlədikdən sonra onun müasir, zərif müdafiəçi, topa yaxşı, amma daha yumşaq davranan biri olduğunu gözləyirdim. Ancaq onunla şəxsən görüşəndə görürsən ki, Kubarsi heç də yumşaq deyil və çox düzgün qərarlar verir. Əlbəttə, topda davranışda əladır, çünki onun texniki səviyyəsi çox yüksəkdir, amma müdafiə keyfiyyətləri daha da yüksək səviyyədədir. Onunla birgə oynamağı səbirsizliklə gözləyirəm. O, məndə güclü təəssürat yaradıb”, – “Mundo Deportivo” nəşri polyak qapıçıdan sitat gətirir.
“Mən uşaqların yanında siqaret çəkmirəm”
Həmçinin Şesnı siqaret çəkdiyini, amma bunu uşaqların yanında etmədiyini bildirib:
“Mən uşaqların yanında siqaret çəkmirəm, pis nümunə göstərmirəm. Amma insanlar mənim ağacların arxasında siqaret çəkən şəklimi çəkirlər, mən isə onları heç görmürəm… Bunu gizlətməyə çalışıram, insanlara siqaret çəkdiyimi göstərmirəm. Kimsə mənim şəxsi həyatıma təsir edə biləcəyini düşünürsə, yaxşı, olsun, yenidən cəhd edin, bu, əvvəllər heç işləməyib”.
Xatırladaq ki, Voyçex Şesnı oktyabrın 2-də “Barselona” ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Xatırladaq ki, bu yay futbolçu karyerasını başa vurduğunu bəyan etmiş Şesnı “Barselona”nın yüksək səviyyəli qapıçı axtarışında ona müraciət etməsi ilə yenidən futbola qayıtmaq qərarına gəlib.
Belə ki, “Barselona”nın alman əsas qapıçı Mark-Andre ter Ştegen ağır zədə alaraq cərrahi əməliyyat keçirib. Ter Ştegenin təxminən 7-8 aylığa sıradan çıxıb. Bu müddətdə iddialarını sürdürmək üçün “blauqrana” yüksək səviyyəli qapıçıya ehtiyac gördüyü üçün seçimini məhz Şesnının üzərində saxlayıb.
Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib.
2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb.
Ötən mövsüm Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 30 qol quraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib. Polyak qapıçının “Yuventus” karyerası ümumikdə 252 oyun, 233 buraxılmış qol və 103 “quru” oyudan ibarətdir.
Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.
Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku (2 dəfə) var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.
“Transfermarkt” internet-portalı 34 yaşlı polyak qapıçının transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Voyçex Sesnının futbolçu karyerasını bərpa edərək “Barselona”ya keçidinə, “blauqrana”nın mərkəz hücumçusu, polyak qapıçının həmvətəni Robert Levandovski böyük təşəbbüs göstərib.


