Portuqaliya prokurorluğu “Benfika”nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakına qadağa qoyulmasını istəyir.
Arena.az bu barədə “A Bola” dərgisinə istinadən məlumat verir.
Portuqaliya nəhəngi korrupsiya və vergi saxtakarlığı ittihamı ilə üzləşib.
Mənbənin məlumatına görə, prokurorluq klubun bir sıra keçmiş rəhbərlərinin də peşəkar fəaliyyətinə qadağa qoyulmasını tələb edir. Məsələn, “Benfika”nın keçmiş prezidenti Luis Filipe Vieyraya da cəza istənilib.
Prokurorluğun bu tələbindən sonra “Benfika”nın rəsmi saytı Lissabon klubuna qarşı irəli sürülmüş ittihamlara görə mümkün uzunmüddətli diskvalifikasiya ilə bağlı bəyanat yayıb:
“Klubumuzun vəkilləri onlara bildirilmiş və “Benfika”nı, keçmiş prezidentinə və keçmiş məsləhətçisinə aid edilən mümkün fəaliyyətinə görə məsuliyyətə cəlb edən iddiaları ətraflı təhlil edəcəklər.
Sonradan onlar prosessual mövqe tutacaqlar. Amma şübhə yoxdur ki, “Benfika” bütün əsassız ittihamlara (artıq təhlil edilənlərə görə, onlar əsassızdır), eləcə də onun hüquq və maraqlarına təsir edən və ya təsir edə biləcək hər xüsusa qarşı özünü müdafiə etməkdən çəkinməyəcək”, – “qartallar”ın bəyanatında deyilir.
Vurğulanır ki, hökumət “Benfika”nın cəzalandırılacağı halda, ölkədə kütləvi iğtişaşların baş verə biləcəyindən ehtiyat edir. Lissabon klubu ölkə futbolunun rəmzi hesab edilir və çoxsaylı azarkeş ordusuna malikdir.
Portuqaliya Premyer Liqasının cari mövsümündə 7 turdan 16 xal toplamış “Benfika” yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


