“Real” və “Mançester Yunayted”in fransalı keçmiş müdafiəçisi Rafael Varan futbol agentləri haqqında tənqidi fikirlər səsləndirib.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Varanın fikrincə, oyunçuların ikicə seçimi var: ya aldanmalarına razılaşmalı, ya da bütün sənədləşmə məsələlərini özləri həll etməlidirlər:
“Bir neçə dəfə ətraf mühitimi dəyişmişəm, gələn qohumların, yad adamların qarşısına müəyyən maneələr qoymalı oldum. Təlim mərkəzlərində sizə sosial kateqoriyanızı necə dəyişməyi, ətrafınızdakı insanlarla həyatda baş verən dəyişiklikləri necə idarə etməyi öyrətmirlər. Bir çox oyunçunun karyerasının nəticə vermədiyini və ailələrinin məhv edildiyini gördüm. Fəsad maraqların toqquşması və həmçinin bütün bunların mərkəzində özlərini tapan oyunçulardadır.
Sadəcə olaraq, bütün agentlər sistemi elə qurulub ki, oyunçu ondan kimsənin öz maraqları üçün istifadə edildiyini düşünməsin və ya görməsin. Təcrübə toplayanda futbolçu peşəsinin bütün fəndlərini görmək olar. Bundan sonra sizin seçiminiz var: ya aldandığınızla razılaşın və agentlə müqavilə bağlayın. Məsələn, hər şeyi sən et, mən isə bütün diqqətimi ailəyə və oynamağa yönəldəcəyəm. Yoxsa bu həyat tərzi ilə razılaşmaya bilərsiniz, amma sonra özünüz çox güc sərf etməli olacaqsınız. Futbol xüsusi bir sənayedir”, deyə Varan vurğulayıb.
Xatırladaq ki, Rafael Varan cari ilin sentyabr ayının sonunda futbolçu karyerasına 31 yaşında xitam verdiyini ictimaiyyətə rəsmən açıqlayıb. Varanın son klubu bu ilin yayında azad agent qismində qoşulduğu “Komo” olub. Ulduz müdafiəçi İtaliya klubunda ilk oyununda ciddi zədə alaraq cari mövsümün sonuna qədər sıradan çıxıb.
Rafael Varan futbola “Hellemyes” klubunda qədəm qoyub, buradan “Lans”a yol taparaq böyük futbolda debüt edib. “Lans”da oyunu ilə diqqət çəkmiş fransalı müdafiəçini “Real” 2011-ci ilin iyulunda öz heyətinə qatıb. 2021-ci ilin iyulunda isə “Mançester Yunayted” Varanı “qaymaqlılar”dan satın alıb. Cari ilin iyulunda “Komo”ya keçmiş Varan məlum zədəsindən sonra butslarını asılqandan asmağa qərar verib.
Futbolçu karyerası ərzində Varan klub səviyyəsində yaşıl meydanlarda 480 oyun keçirib, 21 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.


